Zaqatalada zəlzələdən zərərçəkənlərə reanimobillər göndərilib
09 May 2012 Çərşənbə 13:26
Maşınlar bölgəyə nazir Oqtay Şirəliyevin xüsusi tapşırığı əsasında göndərilib.
Zəlzələ baş verən Zaqatala rayonuna hadisə yerinə mütəxəssislərlə yanaşı içində bütün tibbi ləvazimatlar, qida və dərman preparatları ilə tam təmin olunmuş 6 reanimobil maşınlar göndərilib. ANS PRESS-in Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, maşınlar nazir Oqtay Şirəliyevin xüsusi tapşırığı əsasında göndərilib. Zəlzələdən xüsusilə zərərçəkmiş Mamrux, Közbarax, Çobangöl və Qımır kəndlərində çadırlar qurulmuş və orada da müvəqqəti məskunlaşmış yerli əhaliyə tibbi yardım məqsədi ilə fasiləsiz təcili yardım maşınları fəaliyyət göstərir.
Zəlzələ nəticəsində əhalinin sağlamlığı üçün potensial təhlükə və sanitariya-epidemioloji gərginlik yaranıb. Bu gərginliyin aradan qaldırılması, eləcə zəlzələdən zərər çəkmiş əhaliyə tibbi xidməti təmin etmək məqsədi ilə Səhiyyə Nazirliyinin mütəxəssislərdən ibarət briqadalar hadisə yerlərinə ezam olunublar. Müxtəlif xəsarətlərlə müraciət etmiş 50 -ə yaxın yerli sakinə ambulator tibbi yardım göstərmiş 1 nəfəri isə üz-cənə sınığı diaqnozu ilə dərhal hospitalizə edilib.
Zəlzələ zamanı binasına xüsusi zərər dəymiş Zaqatala Rayon Mərkəzi Xəstəxanasının binasında yardım göstərmək təhlükəli olduğundan dərhal xəstəxananın həyətində 2 çadır qurulub və yaralılara həmin çadırlarda ilkin tibbi yardım göstərilib. Həkimlərimizin səyi və zəhməti nəticəsində yaralıların vəziyyəti qənaətbəxşdir, ölüm halları qeydə alınmayıb.
DOSTLARINLA PAYLAŞ: