Zaqatalada zəlzələdən evləri zərər çəkmiş sakinlərə şad xəbər
16 Noyabr 2012 Cümə 14:39
Fövqəladə hallar naziri jurnalistlərə açıqlama verib
Mayın 7-də və 18-də baş vermiş zəlzələlər nəticəsində dağılmış evlərin yerində yeni inşa edilən fərdi yaşayış evlərinin xeyli hissəsi artıq tam təhvil verilib. Tikinti şirkətləri tərəfindən bu gün bizə təqdim olunan cədvələ əsasən demək olar ki, bundan sonra hər həftə tikintisi aparılan evlərin 10-12 faizi təhvil veriləcək. Şirkət rəhbərlərinin, iş icraçılarının bildirdiklərinə görə, tikintisinə əvvəllər başlanmış evlərin hamısı dekabrın sonunadək istifadəyə veriləcək.
AzərTAc xəbər verir ki, bu fikirləri fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Zaqatala rayonunun Faldar kəndində yeni inşa edilmiş tam orta məktəbdə aidiyyəti dövlət qurumları və tikinti şirkətləri rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədən sonra jurnalistlərə müsahibəsində bildirib.
“Bilirsiniz ki, mayın 7-də ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələdən dərhal sonra Fövqəladə Hallar Nazirliyi yenidən tikiləcək fərdi evlərin, məktəb binalarının, digər sosial obyektlərin layihələndirməsinə və tikinti işlərinə başlayıb. İndiyədək zəlzələ bölgəsində 9 məktəb binası istifadəyə verilib. Bu ilin sonunadək bir institut filialı və 3 böyük məktəb binası istisna olmaqla, bütün məktəblər təhvil veriləcək. Qeyd etdiyimiz 4 obyektin tikintisi isə gələn ilin yanvarında yekunlaşacaq.
Biz oktyabrın 13-14-də baş vermiş zəlzələ zamanı zərər çəkmiş əhali ilə görüşümüzdə izah etdik ki, onlara paylanan çadırlar ev əşyalarının saxlanılması üçündür. Çünki qış aylarında belə çadırlarda yaşamaq mümkün deyildir. Onlar üçün tikiləcək yeni evlərin layihələri artıq hazırdır, yəni bu evlərin tikintisi gecikdirilməyəcək. Komissiyaların işi başa çatan kimi həmin evlərin tikintisinə başlanacaq. İş icraçılarının bildirdiklərinə görə, tikintisinə yeni başlanacaq evlər gələn ilin mart-aprel aylarında təhvil veriləcək.
Hələlik qış gəlməsə də, gecələr havalar soyuq keçir. Ona görə də biz əvvəlcədən tədbir görmüş, 10 mənzilli müvəqqəti evlər gətirmişik. Həmin evlər o yerlərdə quraşdırılır ki, orada fərdi evlərin tikintisi dekabrda başa çatacaq. Bu evlərdə yaxınlıqda qohumu, qonşusu olmayan ailələr müvəqqəti olaraq, yəni bir neçə günlüyə yerləşdiriləcəklər. Bir daha təkrar edirəm, həmin evlər müvəqqətidir. Fərdi evlərin tikintisi başa çatdıqdan sonra həmin evlər söküləcək və Fövqəladə Hallar Nazirliyinin sərəncamında olacaq”.
DOSTLARINLA PAYLAŞ: