Yuxunu bədbin insanlara danışmayın
15 Noyabr 2009 Bazar 16:20
Çünki yuxunuzu pis tərəfə yozulsa, bu sizin üçün yaxşı nəticələnməyə bilər
Rəvayətlərə görə, Sübh namazından əvvəl görülən yuxular çin olur. Zöhr namazından, təqribən, 40 dəqiqə, 1 saat əvvəl yatmağın həm sağlamlığa böyük xeyri var, həm də ki bu vaxt görülən yuxular əsasən çin olur. Əlbəttə ki, bu məsələdə bir neçə şərt var. Məsələn, dəstəmaz alıb yatmaq lazımdır. Məhəmməd Peyğəmbər (s.ə.s) deyib ki, kim dəstəmaz alıb yatsa və yuxuda ölsə, o, Allah yanında şəhid sayılar. Həmçinin deyib ki, yuxunu bədbin insanlara danışmaq yaxşı deyil. Yəni yuxunu pis yozanlara. Yuxunu xoşbin insanlara, xeyrə yozanlara danışmaq çox yaxşıdır. Yuxunun həyatda gerçəkləşməsi onun yozumundan çox asılıdır.
Beləliklə, yuxunu bədbin insanlara danışmayın. Çünki yuxunuzu pis tərəfə yozsa, bu sizin üçün yaxşı nəticələnməyə də bilər. Yuxu 3 cürdür. Bəzən Allah tərəfindən müjdədir, bəzən şeytan tərəfindən qəm-qüssə vasitəsi, bəzən insanın öz fikrində keçirdiyi şeylərdir.

Yatmamışdan əvvəl «İxlas» surəsini oxusanız, 50 illik günahlarınız Allah tərəfindən bağışlanar. Bir nəfər Peyğəmbərə (s.ə.s) yuxusunu danışır. Peyğəmbər də «İnşaallah, xeyirli olar», - deyir. Bir neçə gün keçir, həmin kişi Peyğəmbərimizin yanına gəlib deyir: «Gördüyüm yuxu çin oldu, ancaq xeyirliklə nəticələnmədi. Axı siz dediniz ki, xeyirliklə nəticələnər?». Peyğəmbər (s.ə.s) deyir: «Çünki sən məndən əvvəl yuxunu bədbin insana danışmışdın».

Məşhur Bədr savaşından əvvəl nəinki Peyğəmbərimiz, hətta səhabələr də yüngül mürgüyə getdilər. Peyğəmbər tərəfdə 313, düşmən tərəfdə isə minlərlə döyüşçü var idi. Səhabələrdə qorxu yarandı. Döyüşçülər yüngül mürgüyə gedəndə, Allah onların qəlblərinə rahatlıq verdi ki, arxayın olun, qalib gələcəksiniz. Səhabələr oyananda artıq onların qorxusu yox idi. Və nəticədə qalib gəldilər.

Peyğəmbərimizin yuxuyla bağlı dəyərli və çox təsirli bir tövsiyəsi var. Əgər insan pis yuxu görsə, oyanan kimi sədəqə verməlidir. Sədəqənin məbləği mühüm deyil. Sədəqə verildikdə pis yuxunun da sonu yaxşı olar. Bəziləri yuxuda konkret adamı görəndə, işlərinin gətirməməsini söyləyirlər. Bu, əsassız bir qorxudur. Bu, adi təsadüf də ola bilər. Bir də ki insan özünü o qədər bədbinliyə, pisliyə kökləyir ki, nəticədə pisliklərlə üzləşir. Odur ki hər zaman müsbətə köklənmək və qorxmamaq lazımdır. Əgər çox narahatsınızsa, Peyğəmbərimizin dediyi kimi, sədəqə çıxarın. Quranda oxuyuruq: «Allah (əcəli çatan kimsələrin) canlarını onlar öldüyü zaman, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar (çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruh bədəni tərk edər). …(Ölümünə hökm olunmamış) kimsələrin canlarını isə müəyyən bir müddətədək (əcəlləri gəlib-çatıncaya qədər yuxudan oyandıqda bədənlərinə) qaytarar…» (Zümər surəsi, ayə 42); «Yuxunuzu da istirahət etdik» («Nəbə» surəsi, ayə 9). ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar