YUNESKO ilə Azərbaycan arasında yeni müqavilə
26 Noyabr 2010 Cümə 01:30
Müqavilə Milli Elmlər Akademiyasına yardımı nəzərdə tutur
YUNESKO-nun mənzil-qərargaında Azərbaycanda elmin inkişafı sahəsində həyata keçirilən islahatlara Yaponiya hökumətinin yardımı ilə bağlı YUNESKO ilə Azərbaycan arasında müqavilə imzalanıb. Mərasimi açan YUNESKO baş direktorunun elmi işlər üzrə müavini xanım Qreçen Kalonji son vaxtlar YUNESKO-nun müxtəlif ölkələrin elmi müəssisələrinin inkişafına, gənc kadrların hazırlığına və bu sahadə həyata keçirilən islahatlara xüsusi diqqət yetirdiyini vurğulamış və elm ocaqlarının iqtisadiyyatın sürətli inkişafında böyük rol oynadığını bildirib. Direktor müavini Azərbaycanda elmi potensialı daha da inkişaf etdirməklə əlaqədar YUNESKO tərəfindən xüsusi layihənin hazrlandığını və bunun Azərbaycan elminə böyük töhfə olduğunu diqqətə çatdırıb.

Azərbaycanda elmi siyasət, texnologiya və innovasiya strategiyasının inkişafına dəstək vermək və bu sahələrdə gənc kadrların yetişdirilməsi ilə bağlı YUNESKO-nun layihəsini maliyyələşdirən Yaponiyanın qurum yanındakı daimi nümayəndəsinin müavini Hideaki Kuramitsua Yaponiyanın elmi kadrlar hazırlanması istiqamətində bir çox dövlətlərə əməli kömək göstərdiyini bildirmiş, ölkəsinin “İnam” Fondu tərəfindən ayrılmış maliyyə yardımının Azərbaycanda elmin inkişafı və kadr hazırlığı ilə bağlı layihənin həyata keçirilməsində mühüm əhəmiyyətini qeyd etmiş, sanballı gənc elmi kadrların yetişdirilməsi və onların gələcəkdə özündən əvvəlki nəsli ləyaqətlə təmsil edəcəklərinə əmin olduğunu bildirib.

Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəsi səfir Eleonora Hüseynova Azərbaycan elminin inkişafına göstərdikləri qayğıya və yardıma görə təşkilatın rəhbərliyinə və Yaponiyanın “İnam” Fonduna təşəkkürünü bildirib və qeyd edib ki, Azərbaycan elminin inkişafı ilə bağlı hökumət tərəfindən 2010-2015-ci illəri əhatə edən proqram hazırlanıb. Hazırda bu proqramın müvəffəqiyyətlə yerinə yetirilməsi istiqamətində müxtəlif layihələr həyata keçirilir. E.Hüseynova YUNESKO ilə yüksək səviyyədə çoxşaxəli əməkdaşlığın Azərbaycan cəmiyyəti üçün xüsusi rol oynadığını qeyd etmiş, yeni müqavilənin Azərbaycan elminə layiqli töhfə verəcəyinə əmin olduğunu bildirib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov Azərbaycan elminin idarə olunması və təkmilləşdirilməsi istiqamətində həyata keçən islahatlarla bağlı layihənin reallaşmasında YUNESKO ilə Azərbaycan arasında bağlanmış müqavilənin xüsusi əhəmiyyətini vurğulamış və qurumun ekspertlərinin bu işdə fəal iştirak edəcəklərinə əminliyini bildirib.

Azərbaycan elminin inkişafı ilə bağlı yeni müqavilənin xüsusi rolundan danışan M.Kərimov 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan elminin inkişafı üzrə milli strategiyaya dair Fərman imzalandığını, həmin strategiya üzrə Dövlət Proqramının qəbul olunduğunu xatırlatmış, artıq bu istiqamətdə müəyyən addımlar atıldığını, YUNESKO ekspertlərinin bu işə cəlb olunmasının onun səmərəsini artıracağına əminliyini bildirib.

Sonda AMEA-ya yardımla bağlı müqavilənin imzalanma mərasimi olub. Müqaviləni YUNESKO baş direktorunun elmi işlər üzrə üavini Qreçen Kalonji və AMEA-nın prezidenti Mahmud Kərimov imzalamışlar.
Mərasimdə YUNESKO-nun rəsmiləri, Azərbaycan və Yaponiyanın təşkilat yanındakı daimi nümayəndəliklərinin əməkdaşları iştirak ediblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar