Yunanıstan Azərbaycan qazının nəqlində maraqlıdır
05 Aprel 2011 Çərşənbə Axşamı 18:01
Karolos Papulyas Bakıya səfərindən məmnun qaldığını bildirib
Bu gün sənədlərin imzalanmasından sonra Azərbaycan prezidenti İlham Əliyev və Yunanıstan prezidenti Karolos Papulyas mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycanda bu səfərə böyük əhəmiyyət verildiyini deyən dövlət başçısı bildirib ki, siyasi əlaqələrimiz sürətlə inkişaf edir. İki il öncə Afinaya səfəri zamanı aparılan danışıqların əhəmiyyətini vurğulayan İ. Əliyev bildirib ki, ölkələrimiz arasında əlaqələrin gözəl perspektivləri var və ikitərəfli gündəlik çox genişdir.
İqtisadi sahədə qarşılıqlı maraqların kifayət qədər çox olduğunu qeyd edən dövləti başçısı Azərbaycan-Yunanıstan biznes forumunun əhəmiyyətindən danışaraq, bunun iş adamları arasında gözəl əlaqələrin qurulmasına şərait yaradacağını bildirib.
Azərbaycan-Yunanıstan birgə hökumətlərarası komissiyasının fəaliyyətinin səmərəli olduğunu deyən İ. Əliyev enerji sahəsində əməkdaşlığın əhəmiyyətindən də danışıb.
Yunanıstan prezidenti Karolos Papulyas isə Bakıya səfərindən və burada ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərlikdən məmnun olduğunu deyib. İkitərəfli münasibətlərimizi çox müsbət qiymətləndirən və əməkdaşlığa dair imzalanan sənədlərin mühüm əhəmiyyəti olduğunu deyən Yunanıstan prezidenti ticari və iqtisadi əlaqələrimizin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb, bu məsələdə Azərbaycan-Yunanıstan biznes forumunun geniş imkanlar açdığını diqqətə çatdırıb.
Enerji əməkdaşlığı sahəsində də əlaqələrin yaxşı olduğunu deyən Yunanıstanın dövlət başçısı Azərbaycandan təbii qazın nəqlində maraqlı olduqlarını bildirib.
K. Papulyas Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu həmsədrlərinin səyləri əsasında dinc yolla həll edilməsinin vacibliyini vurğulayıb və “Şərq tərəfdaşlığı” proqramının icrasına Yunanıstanın xüsusi diqqət yetirdiyini deyib.
DOSTLARINLA PAYLAŞ: