Yəmən yenə etiraz edir: 1 ölü, 6 yaralı
12 Mart 2011 Şənbə 11:36
Ölkə başçısı isə istefa verməməkdə israrlıdır
Ötən gün Yəməndə ölkə başçısı Əli Abdullah Salehin 32 illik hakimiyyətinə qarşı növbəti etiraz aksiyası keçirilib. Yüzlərlə etirazçı Yəmənin 4 ən böyük əyalətində bir araya gəlib. Cənub liman şəhəri Ədənin ən çox insan yaşadığı Şeyx Osman rayonunda aksiya iştirakçıları prezident Salehin portretini yandırıblar. Yəmən polisi aksiya iştirakçılarını dağıtmaq üçün göz yaşardıcı qazdan istifadə edərək göyə xəbərdarlıq atəşi açıb. Azı 1 nəfər ölüb, 6 etirazçı xəsarət alıb.

Paytaxt Sənada təşkil edilmiş aksiyada minlərlə qadın da iştirak edib. Nümayişçilər iş yerlərinin açılması və siyasi azadlıq tələb ediblər. Onlar ölkə başçısının parlament və məhkəmə sisteminin müstəqilliyini təmin edən yeni konstitusiyanın qəbul edilməsi təklifini rədd edərək, bunun çox az və gec olduğunu deyiblər.

Qeyd edək ki, ölkə başçısı Əli Abdulla Saleh 32 ildir ölkəyə rəhbərlik edir və o, xalqın istefa tələblərinə baxmayaraq, səlahiyyət müddətinin sonuna qədər vəzifəsində qalacağını deyir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar