Yay vaxtı Azərbaycanda ət niyə bahalaşıb?
16 İyul 2011 Şənbə 16:45
Yay vaxtı Azərbaycanda ət niyə bahalaşıb? Problemin dəqiq mənbəyini bilən yoxdur.
Bu ilin ilk 6 ayı ərzində Azərbaycanda ətin qiymətində artım müşahidə olunub. Bu, Dövlət Statistika Komitəsinin hesablamalarında yer alıb. Açıqlamada qiymətin 40- 45 qəpik artdığı göstərilsə də, ANS TV-nin əməkdaşlarının Bakı bazarlarında apardıqları araşdırma zamanı məlum olub ki, ətin qiyməti azı 1 manat artıb.
Mal ətində 1 manat 50 qəpikdən 2 manata, qoyun ətində isə 1 manat 50 qəpik bahalaşma qeydə alınıb. Belə ki, hazırda bazarlarda 1 kiloqram mal ətinin qiyməti 8 manata təklif olunur. Bahalaşma isə paytaxtın əksər ət mağazalarında özünü göstərir.
Satıcı Rəhilə Rəhimli bildirir ki, sümüksüz mal ətini 9, sümüklü mat ətini isə 7 manata alır. Əvvəllər isə əti 6 manata alıb. İndi təxminən 1 manat, 1man 50 qəpik artıb.
Alıcı Akif Əhmədov isə deyir ki, bundan qabaq ət 6,7,7 manat 50 qəpiyə satılırdı, amma indi bahalaşıb, qiyməti 8 manat olub. Qoyun əti də 9,8 manat 50 qəpiyə qalxıb, əvvəllər isə 7 manata olub.
Satıcılar bazarlarda ətin qiymətindəki artımı Gürcüstandan Azərbaycana iri və xırda buynuzlu heyvanların idxalında bir sıra çətinliklərin yaradılması ilə izah edirlər. Məsələyı münasibət bildirən satıcı Rza Zeynalov əvvəllər Gürcüstandan əti ucuz aldığını deyir.
"Lakin hazırda sərhəddən buraxılış yoxdur və bahalaşma müşahidə olunur. Artıq 1-2 aydır ki, Gürcüstandan ölkəyə ət tədarükünə icazə verilmir", deyə R. Zeynalov qeyd edib.
Bəzi qəssablar isə bahalaşmanı fermerlərin başlarının biçinə qarışdığından, ət satışı ilə məşğul olmamaları ilə izah edir.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Çingiz Fərəcov isə Azərbaycanda il ərzində normadan 1 kiloqram artıq, yəni adam başına 28 kiloqram ət istehsal olunduğunu deyir. Onun sözlərinə görə, daxili bazarda ətin qiymətinin bahalaşması sırf bir sıra işbazların öz gəlirlərini artırmaq məqsədlərinə xidmət edir.
Qeyd edk ki, bu ilin birinci rübündə ət istehsalı ötən ilini müvafiq dövrü ilə müqayisədə 5 faiz artıb. anspress
DOSTLARINLA PAYLAŞ: