Yardım gəmisində olan azərbaycanlılar deportasiya edilib
02 İyun 2010 Çərşənbə 10:30
İordaniyanın hökumət sözçüsü 124 nəfərin avtobusla bu ölkəyə gətirildiyini açıqlayıb.
İsrail Qəzzaya yardım aparan donanmaya hücumü nəticəsində saxladığı insanları azad etmək qərarına gəlib. Türkiyə Nazirlər Kabineti rəsmiləri məlumatı təsdiq etməsələr də, deportasiya edilən 124 nəfərin İordaniyaya göndərildiyi bildirilib. Onların arasında Türkiyə vətəndaşının olmadığı qeyd edilib.
İordaniya hökumət sözçüsü Nebil Əl Şərif əsasən İsrail ilə diplomatik əlaqəsi olmayan 12 müsəlman ölkədən 124 nəfərin bu gün səhər İordaniyaya aid beş avtobusla gəldiyini, onlardan 30-nun iordaniyalı, 16-nın küveytli olduğunu açıqlayıb. Digərlərinin isə Azərbaycan, İndoneziya, Malaziya, Pakistan, Əlcəzair, Mərakeş, Yəmən, Oman və Bəhreyn vətəndaşları olduğu qeyd edilib.
Xatırladaq ki, İsrailin Daxili İşlər Nazirliyi Türkiyə gəmisinə hücumdan sonra saxlanılanlar arasında təcili deportasiya edilməli olan şəxslərin adlarını açıqlayıb. Bu siyahıda iki nəfər azərbaycanlının da adı var
İsrailin Nazirlər Kabinetinin sözçüsü saxlanılan bütün xarici vətəndaşların deportasiya ediləcəyini bildirib. Ancaq Türkiyə Nazirlər Kabineti bu barədə onlara hər hansı bir məlumat verilmədiyini açıqlayıb.
Xatırladaq ki, İsrail xüsusi təyinatlıları mayın 31-i gecə saatlarında “İstiqamətimiz Fələstin, yükümüz humanitar yardım!” devizi ilə mühasirədə olan Qəzza zolağına humanitar yardım daşıyan 6 gəmidən ibarət donanmanın ələ keçirilməsi istiqamətində əməliyyat aparıb. Guya edilən xəbərdarlıqdan sonra İsrail helikopterləri gəmilərə yaxınlaşaraq atəş açmağa başlayıblar və gəmilərə desant çıxarıblar.
Ölənlərin sayı ilə bağlı ziddiyyətli məlumatlar var. İsrail tərəfinin verdiyi rəsmi məlumatlara görə, insident nəticəsində 9 nəfər ölüb, 25 nəfər yaralanıb, qeyri rəsmi məlumatlara görə, isə yaralıların sayı daha çoxdur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: