Yaralanan əsgərlərimizdən xəbər var
13 Avqust 2014 Çərşənbə 17:17
Yaralanan əsgərlərimizdən xəbər var. Yaralıların vəziyyəti qənaətbəxşdir.
Son günlər cəbhə xəttində yaranmış gərgin vəziyyətlə əlaqədar aidiyyəti qurumların əməkdaşları bölgələrdə olublar.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, əlaqədar qurumların nümayəndələri erməni diversantlarının son hücumlarını dəf edərkən yaralanmış və hazırda bölgələrdəki səhiyyə müəssisələrində müalicə olunan Azərbaycan Ordusunun əsgərlərini, həmçinin mülki şəxsləri ziyarət edərək onların vəziyyəti ilə maraqlanıblar. Bildirilib ki, xəsarət alan şəxslərin müalicəsi diqqət mərkəzindədir və yerlərdə bunun üçün lazımi şərait yaradılıb. Yaralıların qısa vaxt ərzində sağalıb ayağa qalxmaları üçün bundan sonra da zəruri tədbirlər görüləcək və bütün imkanlardan istifadə olunacaq.
Zərər çəkmiş şəxslərin müalicəsi davam edir. Onların vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, hazırda bütün bölgələrdə, xüsusən sərhəd rayonlarında yerləşən səhiyyə müəssisələrində yüksək səviyyədə tibbi yardım göstərilməsi üçün hər cür şərait var. Mövcud vəziyyətlə əlaqədar əlavə dərman preparatları və sarğı materialları ehtiyatı yaradılıb. Eyni zamanda, sərhəd bölgələrində müasir standartlara cavab verən tibbi avadanlıq və preparatlarla təchiz olunmuş diaqnostika mərkəzləri fəaliyyət göstərir.
DOSTLARINLA PAYLAŞ: