Yalançı endirimlərin sirri açıldı
04 Dekabr 2012 Çərşənbə Axşamı 15:34
ANS PRESS paytaxt butiklərinin endirimdən yayınma siyasətini araşdırıb
Bakıda metronun “28 may” stansiyasının yanında yeni açılmış iri ticarət mərkəzinin girişindəki dünyada məhşur geyim brendinin menecerinin Yeni il endirimləri ilə bağlı ANS PRESS-in sualına cavabı gözlənilməz oldu: “Bizdə endirimlər yanvardan sonra olacaq”. Halbuki, həmin şəbəkənin qərbdə yerləşən 1000-ə yaxın mağazasında milad endirimləri noyabrın 22-dən, yəni qərblilərin səbirsizliklə gözlədikləri “Qara cümə”dən başlayıb.
Qərbdə “Qara cümə”ni, yəni milad endirimləri təkcə alıcılar tərəfindən deyil, satıcılar tərəfindən səbirsizliklə gözlənir, çünki satışlar artır, iş adamları il ərzində yığılıb qalmış mal artıqlığından yaxa qurtarır, nağd pul əldə edirlər. Həmin günün adı da buradan götürülüb, qara rəng qərb mühasibatlığında artımı, qırmızı rəng isə azalmanı bildirir. Bu məsələ əhalinin aztəminatlı hissəsinin işinə xüsusi ilə yarayır, qərbdə elə ailələr var ki, hətta illik ərzaq ehtiyatını da “Qara cümə”də yığır. Çünki endirimlər təxminən 75% ətrafında dəyişir. Məsələn, adi günlərdə 5 dollara satılan konserv bankasını endirim zamanı 1 dollara, 40 dollara satılan köynəyi isə 10 dollara almaq mümkündür. Bu satışları on dəfələrlə artırır. Məsələn, ABŞ-da endirimə gedən dükanlar bir gün ərzində illik satışlarının 25%-i qədər nağd pul əldə edə bilirlər. Təsadüfi deyil ki, bu ilki “Qara cümə”də Amerika mağazaları 11 milyard dollarlıq mal satıblar ki, bu astronomik rəqəm sayılır.
ANS PRESS-in araşdırmasına görə, Bakıda hətta tanınmış qərb brendlərinə məxsus mağazalarda endirim yoxdur. İşçilərin endirim olacağı barədə verdikləri vədlər isə müştərini yola vermək cəhdindən başqa bir şey deyil. Əslində, onların vəd etdikləri endirim səviyyəsi də “Qara cümə”nin ruhuna uyğun gəlmir. Məsələn, paytaxtın Fəvvarələr bağının ətrafında uşaq geyimləri satan brend mağazalarda Yeni il ərəfəsi 20-30 faiz endirim olacağını söyləyirlər ki, bu da həmin mağazalardakı hətta qərbə baxanda yüksək qiymətlər baxımından elə də böyük endirim deyil. Məsələn, Londonda brend mağazadan 20-25 funta (25-31 manata) normal uşaq gödəkçəsi almaq mümkündürsə, Bakıdakı mağazalarda qiymət 45-70 manat arasında dəyişir. Satıcılar qeyri-rəsmi söhbətlərdə burdakı qiymətlərin gömrük və icarə haqları üzündən artdığını vurğulayırlar. Onların dediyinə görə, ehtimal edilən endirimlər barədə bəhs ediləndə nisbətən aşağı endirim faizlərinin səsləndirilməsi də məhz yol və gömrük xərcləri ilə bağlıdır. Satıcılar həmin rəqəmlərin keçən ilki endirimlərə aid olduğunu vurğulayırlar.
Amma Bakının həmin hissəsində, yəni Fəvvarələr bağı, Kitab pasajı və “Torqovı” tərəflərində on illərlə işləyən başqa əməkdaşlar brend dükanların təmsilçilərinin yalan söylədiyini, həmin səmtin heç bir mağazasında Yeni illə və ya Novruz bayramı ilə bağlı heç bir ucuzlaşmanın olmadığı söyləyirlər. “Bizdə əksinə bayram gələn kimi müdirlər əmr edir ki, qiymətləri qaldırın. Deyirlər ki, bayramdır, hamı bir-birinə hədiyyə edir. Qyməti neçə olsa da alacaqlar”,- deyə Kitab pasajı tərəfdə işləyən satıcı qız ANS PRESS-ə bildirib.
ANS PRESS-in öz araşdırmaları da bunu təsdiqləyir. Bu mağazalarda endirim dedikdə, bir neçə il vitrində qalmış, rəngi solmuş, toz basmış və artıq əskiyə dönmüş bir neçə paltarların nisbətən ucuz qiymətə təklif edilməsidir. Adətən həmin paltarlar o qədər qəribə olur ki, onların üstündə pul verilsə belə, müştərilər geymək istəməz - nimdaş və zövqsüz olurlar. Bu, London və bir çox Qərb şəhərlərinin brend mağazalarında tətbiq edilən endirimdən çox fərqlənir. Orada milad endirimləri zamanı şəbəkəyə yalnız həmin il tikilmiş paltarlar verilir və çox ucuz satılır. Məsələn, dünyanın ən populyar şəbəkələrindən olan “Primark”a ilkin olaraq 140 funta satılmış pambıq plaşı ucuzlaşma zamanı 22 funta almaq olar. Həmin günlərdə “Primark”ın mağazalarının içərisi qaynayıb daşır, hər dükan gün ərzində minlərlə geyim, ayaqqabı və ev əşyası satır. Bu cür alıcı bolluğu “Primark”la yanaşı, dünyanın digər populyar mağaza şəbəkələrinə də aiddir. Lakin nədənsə həmin populyar şəbəkələrin Bakıdakı təkəm-seyrək fəaliyyət göstərən dükanları brendlərinin tətbiq etdiyi ucuzlaşdırma siyasətini Bakıda tətbiq etmək istəmirlər. Səbəb nədir?
İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı eksper Vüqar Bayramov Azərbaycanda Yeni il endirimlərinin olmamasını iş adamlarının strateji planlarının olmaması ilə bağlayır. “Bu adamlar qısa müddətli - bir həftəlik, bir aylıq gəlirlə bağlı plan tuturlar və ona görə də uzun müddətli strateji planları yoxdur. Əgər belə planları olarsa, bayram endirimlərinin nə qədər faydalı olduğunu görərlər”.
İqtisadi-ekspertin fikrincə, Azərbaycanda iş adamlarının belə qərar verməsində əsas səbəbi burada korporativ idarəetmə üsullarının zəfi inkişaf ilə bağlıdır. “İndi bizdə vəziyyət belədir ki, səhmdar cəmiyyətlər ləğv edilərək ailə müssisələrinə çevrilir. Korporativ idarəetmə olmadığından qərarlar müzakirə yolu ilə deyil, tək adam tərəfindən verilir. Tək adam isə yalnız bir həftə içində məhdudlaşan qərarlar verə bilər. Amma korporativ idarəetmədə fikir müxtəlifliyi olduğu kimi planlaşma imkanları da böyükdür”, - deyə Vüqar Bayramov vurğulayır.
Əslində, qərbdə endirim kampaniyalarının əsas qərarını korporasiyalar verir. İdarəetməsinin kökündə sayları minləri, yüz minləri aşan səhmdarların səsvermə hüquqi dayanan bu qurumlar əslində sovet kolxozlarına bənzəyirlər. Hər ilin başında səhmdarları təmsil edilən nümayəndələrın iclası keçirilir və onlar rəhbərliyin il ərzindəki işinə qiymət verirlər. Əgər korporasiyanı idarə edən menecerləri yaxşı işləməyiblərsə, onların yerinə yenilərini dəvət edirlər. Bu zaman gəlirliklə yanaşı məhsulun reallaşaraq nağd pula çevrilməsinə də xüsusi diqqət yetirilir. Əslində, anbarların malla dolu olması korporasiyalarda müsbət qarşılanmır. Çünki yeni ildə yeni işlər üçün pul lazımdır. Buna görə də rəhbərlik bəzi malları maya dəyərinə də satmağı əlverişli sayır. Əsas korporasiyaya ziyan dəyməsin və işçilər boş dayanmadan yeni sifarişlər yerinə yetirə bilsin. Yəni qərbdə menecerləri məhsul satışı ilə rentabellik arasında qızıl mütənasiblik qurmağa çalışırlar ki, səhmlərə normal dividend verə bilsinlər.
Vüqar Bayramov bu fikirdədir ki, bununla bağlı Azərbaycanın iş adamlarının arasında maarifçilik işləri görülməsinə ehtiyac var: “Onlara başa salmaq lazımdır ki, endirimlər satışları artırır və nətiəcə etibarı ilə həmin şirkətlərin ili gəlirli başa vurmasına səbəb olur. Əks halda onların satılmamış və dəbdən düşmüş məhsul qalığı ilə bağlı problemi olur”.
İqtisadçı-ekspertin dediklərini müstəqil Azərbaycanın ilk illərində formalaşmış bir alverçi deyimi də təkrarlayır: “Qızal alveri edənin əlində qızıl, paltar alveri edənin əlində isə cındır qalır”. Bunu Azərbaycanın iş adamları da başa düşməlidir və satdıqları paltarlar cındıra dönməmiş endirimlər vasitəsi ilə onlarda yaxan qurtarmalıdırlar.
DOSTLARINLA PAYLAŞ: