Xocalıda girov götürülənlərdən 150 nəfərin taleyi bu günədək məlum deyil
22 Fevral 2012 Çərşənbə 11:59
SSRİ Müdafiə Nazirliyinin 366-cı motoatıcı alayının hərbi qulluqçularının Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib.
İstintaq ermənilərin Xocalıda törətdiyi qətliamla bağlı 3000 nəfərə qədər şəxsi şahid və zərərçəkmiş şəxs qismində dindirib, 2000 nəfərə yaxın şəxsi isə zərərçəkmiş şəxs qismində tanıyıb. APA-nın məlumatına görə, bu barədə Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Xüsusi istintaq şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Mehman Poladov bu gün keçirilən brifinqdə məlumat verib.
Onun sözlərinə görə, aparılmış istintaqla müəyyən edilib ki, 25 fevral 1992-ci il tarixində, saat 22 radələrində Ermənistandan Azərbaycan Respublikası ərazisinə qanunsuz keçirilmiş silahlı qüvvələr, Dağlıq Qarabağın millətçi ermənilərindən təşkil olunmuş qanunsuz silahlı birləşmələri, keçmiş SSRİ Müdafiə Nazirliyinin 366-cı motoatıcı alayının komandir heyəti və hərbi texnikası ilə birgə Xocalı şəhərinə hücuma keçiblər. Hücumda 366-cı alayın komandiri Zarviqorov Yuri Yuryeviç və mayor Ohanyan Seyran Muşeqoviçin komandanlığı altında alayın 2-ci batalyonu, Nabokix Yevgeni Aleksandroviçin komandanlığı altında 3-cü batalyonu, həmçinin 1-ci batalyonun qərargah rəisi Çitçiyan Valeriy İsaakoviç, habelə alayda xidmət edən 50-dən çox erməni və digər millətlərdən olan zabit və gizirlər iştirak ediblər. Eyni zamanda, hücum zamanı 90-dan çox tank, piyadaların döyüş maşını, top, D-30 qaubitsası və digər müasir hərbi texnikadan istifadə olunub. Hücumdan əvvəl şəhər şiddətli artilleriya atəşinə tutulub, sonra çoxsaylı ağır tanklar, PDM və zirehli transportyorlar şəhərə daxil olub, dinc əhali xüsusi amansızlıqla qətlə yetirilib. Bu zaman azğınlaşmış erməni quldurları mülki əhaliyə, o cümlədən qadınlara, uşaqlara, qocalara aman vermədən müxtəlif çaplı odlu silahlardan atəş açıb, tank, PDM və digər texnikanın altına salaraq əzməklə qətlə yetiriblər.
İstintaqla müəyyən olunub ki, qanunsuz erməni silahlı qüvvələri mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş azərbaycanlıları milli mənsubiyyətlərinə görə yollarda, Kətik meşəsində, Naxçıvanik yolunda, Qaraqaya ətrafında, Dəhraz kəndi yaxınlığında, Şelli istiqamətində, Əsgəran asfalt yolunun 86-cı kilometrliyində və digər ərazilərdə amansızlıqla qətlə yetiriliblər. Əsir götürülənlərdən 18 nəfəri Əsgəran rayon Daxili İşlər Şöbəsində işgəncə verilməklə öldürülüb. Hücum zamanı dinc əhaliyə qarşı ağlasığmaz vəhşiliklər törədilib, dözülməz işgəncələr verilib, insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb. Qadınların qarınları yarılıb, adamlar diri-diri torpağa basdırılıb və ya yandırılıb, meyitlər zorakılığa məruz qalıb. Xocalıda mülki əhalinin düşünülmüş şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlardan biri də budur ki, həmin gün əhalinin qaçıb canını qurtarmaq istəyən xeyli hissəsi ərazidən çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələniblər.
Xocalı faciəsi ilə bağlı həmin şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 nəfər azyaşlı uşaq, 106 nəfər qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə bütünlüklə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
M. Poladov qeyd edib ki, cinayət işinin Xocalı soyqırımı epizodu üzrə 3000 nəfərə qədər şəxs şahid və zərərçəkmiş şəxs qismində dindirilib, 2000 nəfərə yaxın şəxs zərərçəkmiş şəxs qismində tanınıb, 800-dən artıq müxtəlif ekspertizalar keçirilib. Xocalı şəhərinin işğalı ilə əlaqədar dövlət mülkiyyətinə və vətəndaşların xüsusi mülkiyyətinə dəymiş maddi ziyan müəyyən olunub, əşyaların maddi sübut kimi tanınması təmin edilib, habelə baxış, götürmə və s. zəruri istintaq hərəkətləri aparılıb. Nəticədə 39 nəfərin (onlardan 18 nəfər 366-cı alayın hərbi qulluqçuları, 8 nəfər Xankəndi və Əskəran Daxili İşlər Şöbəsinin əməkdaşları, 5 nəfər digər vəzifəli şəxslərdir) və 8 nəfər mülki vətəndaşın Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib. Onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırıma görə məsuliyyət nəzərdə tutan 103-cü maddəsi, habelə sülh və insanlıq əleyhinə, müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan CM-nin 107 (deportasiya), 113 (işgəncə), 115.4 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.17-ci (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılıb. 366-cı alayın hərbi qulluqçularının və digər şəxslərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib, onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırımına görə məsuliyyəti nəzərdə tutan CM-in 107-ci (əhalini deportasiya etmə və ya köçürtmə), 113-cü (işgəncə), 115.4-cü (müharibə qanunlarını və adətlərini pozma), 116.0.17-ci (zorlama, cinsi köləlik, məcburi fahişəlik, məcburi sterilizasiya, məcburi hamiləlik, habelə cinsi zorakılıqla əlaqədar başqa hərəkətlər etmə) maddələri ilə nəzərdə tutulan cinayəti etməkdə təqsirləndirilən şəxs kimi cəlb olunmaları barədə qərarlar çıxarılıb. Hazırda Xocalı soyqırımının törədilməsində iştirak etmiş şəxslərin barəsində sübutların toplanması, onların şəxsiyyətləri barədə tam anket məlumatlarının əldə edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Cinayət işi üzrə keçirilmiş kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları keçirilmiş və müəyyən edilmişdir ki, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan və ya 170 milyon ABŞ dollarından artıq ziyan vurulub. İş üzrə istintaq tədbirləri davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: