Xocalıda “Erməni vəhşiliyi faktlar qarşısında”
21 Fevral 2011 Bazar Ertəsi 23:01
QAT Xocalı soyqırımı ilə bağlı bölgələrdə tədbirlərə start verib.
Qarabağ Azadlıq Təşkilatı (QAT) ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımı ilə əlaqədar bölgələrdə tədbirlərə start verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, təşkilatın ilk tədbiri Xaçmaz rayonunda baş tutub.
Xaçmazda keçirilən tədbirdə təşkilatın sədr müavini İlqar Əliyev, təşkilatın Xaçmaz rayon şöbəsinin nümayəndələri, siyasi partiya təmsilçiləri və rayonun ziyalıları iştirak edib.
Təşkilatın sədr müavini İlqar Əliyev ANS PRESS-ə bildirib ki, tədbirin keçirilməsində məqsəd bu soyqırım hadisəsini dünya miqyasında tanıtmaqdan ibarətdir.
" Hazırda Xocalı soyqırımı ilə bağlı “Erməni vəhşiliyi faktlar qarşısında” adlı tədbirlərimiz davam etməkdədir. Tədbirlərin keçirilməsində əsas məqsəd faciəni beynəlxalq təşkilatlar və xarici dövlətlərin mətbuat orqanları gözü ilə işıqlandırmaqdır", - deyə o bildirib.
Onun sözlərinə görə, Fransanın “Renault” qəzeti yazır: “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqların meyitləri arasında baş dərisi soyulmuş, dırnaqları çıxarılmış 3 cəsəd görüblər. Bu Azərbaycan təbliğatı deyil, reallıqdır”.
İlqar Əliyev ANS PRESS-ə İngiltərənin “Times” qazetinin 4 mart 1992-ci il tarixli sayındanda sitat gətirib: “Azərbaycanlıların çoxları eybəcər hala salınmışdı. Balaca bir qızın isə yalnız başı qalmışdı”.
"Rusiyanın “Moskovski Komsomolets” qəzeti 1994-cü il 29 yanvar tarixli buraxılışında yazır: “Xocalıdan əsir gətirilənləri gördük. Lakin onlar daha yaşamağa yaramırdılar. Qışın şaxtasında, onları sübh tezdən ayaqyalın qarın, buzun üstünə çıxarır, başlarında şüşə sındırırdılar. Bir erməninin bir azərbaycanlı uşağı ikiyə böldüyünün şahidi oldum. Sonra uşağın bədəninin bir parçası ilə anasının üzünə və başına o qədər vurdu ki, övladının qanına bulanan zavallı qadın dəli olub gülməyə başladı”, - deyə İlqar Əliyev sitat gətirib.
O bildirib ki, erməni vəhşilikləri bunlarla bitmir:
"3 yaşlı qızı süngüyə keçirən, körpələri ikiyə bölüb, başlarının dərisini soyan, valideynləri qarşısında uşaqları zorlayan ermənilərin vəhşilikləri danışmaqla bitmir. Bütün bu faklar adamın başının tükünü ürpədir. Gərək biz bunlara bu vaxta qədər dözməyəydik”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: