Xocalı faciəsinin qarşısını almaq mümkün idi?
23 Fevral 2011 Çərşənbə 23:46
Baş verənlərə nəzər saldıqda, aydın olur ki, Xocalı soyqırımı insanlığa qarşı əvvəlcədən planlaşdırılmış bir cinayətdir.
1992-ci ilin fevralında baş verənlərə nəzər saldıqda, aydın olur ki, Xocalı soyqırımı insanlığa qarşı əvvəlcədən planlaşdırılmış bir cinayətdir. Çünki 366-cı motoatıcı alayın şəxsi heyəti və texnikası məhz bu qırğın üçün Xankəndində saxlanılırdı. 1992-cu ilin fevralın 23-ü istirahət gününə düşdüyündən həmin gün qəzet çıxmayıb. Amma Xocalı faciəsindən əvvəl çap olunmuş qəzetlərdə ermənilərin azərbaycanlılara qarşı növbəti soyqırımı törətmək cəhdlərini seçmək mümkündür.

Xocalı faciəsinə 3 gün qalmış ölkədə vəziyyət necə idi? Bu ərəfədə çap edilmiş mətbuat orqanlarında əsas yeri qaynar nöqtələrdən xəbərlər başlığı altında Qarabağdakı vəziyyətlə əlaqədar məlumatlar tuturdu. Məlumatlarda Ermənistan hərbi qüvvələrinin Azərbaycanla sərhəd rayonları atəşə tutması və Dağlıq Qarabağda azərbaycanlıları qətlə yetirməsi ilə bağlı informasiyalar həddən artıq çox idi. Xocalı faciəsi ərəfəsində çap olunmuş qəzetlərə nəzər salanda, ermənilərin azərbaycanlılara qarşı növbəti soyqırım ehtimalından narahatlığı aydın görmək olur. Məsələn, “Baku” qəzetində Rusiya Daxili İşlər Nazirliyinə məxsus ordunun Dağlıq Qarabağdan çıxarılmasına baxmayaraq, 366-cı motoatıcı alayın Xankəndində qalmasından narahatlıq açıq-aydın ifadə olunur. Qəzetin fevralın 18-də nəşr olunmuş 34-cü nömrəsində “Baş tutmayan müsahibə” başlıqlı xəbərdə “Azərinform”un müxbirinin 4-cü ordunun komandiri, general-mayor Nikolay Popovdan 366-cı alayın hələ də Xankəndindən çıxarılmamasının səbəbləri ilə bağlı müsahibə almaq istəyinin baş tutmaması əks olunub.

Qəzetdə yazılır: “Fevralın 6-da “Azərinform”un müxbiri 4-cü ordunun komandiri, general-mayor Nikolay Qleboviç Popovdan bir neçə suala cavab almaq üçün müraciət edib. Bəs hansı suallar olacaq?- deyə general narazı halda soruşub. Biz sualları ona söylədik. General-mayor isə sualları yazılı olaraq ona göndərilməsini və bundan sonra zəngləşə biləcəyini deyir. Bir neçə gün sonra eyni sualla Popova müraciət edilsə də, o müsahibə verməkdən yayınır”.

Maraqlıdır ki, “Azərinform”un suallarının cavabını bir neçə gün sonra İTAR-TASS agentliyi yayır. “Baku” qəzeti agentliyin məlumatına istinadən yazır: “Xankəndində yerləşən 366-cı motoatıcı alayın şəxsi heyəti və texnikaları Dağlıq Qarabağdakı toqquşmalarda iştirak etmir və tam neytral mövqe əks etdirir. Əgər Xankəndindəki 366-cı alay həqiqətən də döyüşlərdə iştirak etmirsə, onda kim və haradan Şuşa, Xocalı, Malıbəyli və digər yerlərdə azərbaycanlıları ağır artileriya və mina atanlardan atəşə tutur. Görəsən, bu alay Xankənindən nə vaxt çıxarılacaq?”.

Tarix sübut etdi ki, məqalədə ifadə olunan təşviş əbəs yerə deyilmiş. Hadisələrin sonrakı inkişafı, yəni müxibirin müraciətindən 20-gün, məlumatın nəşr edildiyi tarixdən cəmi 8 gün sonra 366-cı alayın Xocalı soyqırımında fəal iştirak etməsi sübut olundu.
Daha bir fakt “Xalq” qəzetinin 19 fevral 35 nömrəli buraxılışında yazılır: “Qarabağın Dağlıq hissəsində və sərhəd rayonlarında vəziyyət gərgin olaraq qalır. Fevralın 18-nə keçən gecə erməni silahlı qüvvələri əsas qüvvəni yenə Şuşa və Xocalı şəhərlərinə, Sırxavənd, Umudlu, Kosalar kəndlərinə yönəldib, atəşə tutublar. Yaralananlar var ,evlər yandırılıb”.

Növbəti bir fakt: “Fevralın 22-də, yəni Xocalı soyqırımından 3 gün əvvəl “Bakinskiy Raboçiy” qəzetində nəşr olunmuş “Xocalıya hər gün atəş açılır” başlıqlı məqalədə yazılır:

“Ötən gün fevralın 20-i gecədən başlayaraq 21-nə keçən gücə və bu gün səhər erməni silahlı qüvvələri zirehli texnikadan Xocalı şəhərini atəşə tutub. Şəhərin prokuroru Atakişi Atakişiyev məlumat verir ki, onların hücumu günü-gündən güclənir. Xocalının müdafiəsi isə çətinləşir”.

Qəzetlərdə Xocalıdakı ağır vəziyyətlə bağlı həyəcanlı xəbərlərin yayıldığı bir vaxtda xalq vəziyyətdən çıxış yolu axtarır. Həmin vaxtda isə əhali yardım üçün Heydər Əliyevə səslənir.
Tarix göstərdi ki, azərbaycanlılara qarşı növbəti soyqırım təhlükəsiylə bağlı narahatlıq olsa da, bu faciənin qarşısını almaq mümkün olmayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar