Xocalı bütün dünyanın gözü önündə baş vermiş qətliamdır
17 Fevral 2013 Bazar 10:25
Türkiyənin İqdır şəhərində Xocalı şəhidlərinin anım tədbiri keçirilib.
Türkiyənin İqdır şəhərində Xocalı şəhidlərinin anım tədbiri keçirilib. Azərbaycanın millət vəkilləri Qənirə Paşayeva və Aydın Mirzəyevin də iştirakı ilə baş tutan tədbirdə Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib. Tədbir iştirakçıları abidənin qarşısına çələng qoyaraq şəhidlərin ruhunu yad ediblər. Türkiyə Təhsil və Elmi Xidmətlər şöbəsi tərəfindən təşkil edilən tədbirdə Milliyyətçi Xalq Partiyasından olan millət vəkili Yusif Halaçoğlu da qatılıb. O, çıxışı zamanı Xocalıda törədilən qətliamın bəşəriyyətə qarşı cinayət olduğunu və keçmişdə İqdırda da oxşar vəhşiliklərin törədildiyini bildirib.
"Xocalı bütün dünyanın gözü önündə baş vermiş qətliamdır. Burada baş verənləri videokameralar tarixin yaddaşına köçürüb. Lakin buna qarşı dünyanın laqeyd olması diqqətimizi cəlb edir",- deyə Y. Halaçoğlu sözlərini ifadə edib.
Qənirə Paşayeva isə çıxışı zamanı qətliam törədənlərin ədalət qarşısında cavab verməli olduğunu qeyd edib: "Biz onların sadəcə tarix qarşısında deyil, ədalət qarşısında da cavab verməsini istəyirik. Qardaş olan iki ölkə Türkiyə və Azərbaycan rəsmiləri erməni soyqırımına qarşı birlikdə mübarizə aparmalıdır. İki xalqın talehi də eynidir. Çünki İqdır torpaqları da, bu torpaqlarda erməni dəstələrinin xalqımıza qarşı törətdiyi qətliamlara şahiddir. Amma təəssüf ki, biz dünyaya öz həqiqətlərimizi duyura bilməmişik. Hərçənd, ermənilər öz yalanlarını bütün dünyaya doğru kimi təqdim etməyi bacarıblar. Bunun qarşısını almaq üçün yalnız həqiqəti demək lazmdır. Burada hamının üzərinə vəzifə düşür. Bunun üçün əməkdaşlıq etmək lazmıdır".
DOSTLARINLA PAYLAŞ: