XİN Misirə səfərlə bağlı xəbərdarlıq edib
30 Yanvar 2011 Bazar 14:35
Azərbaycan Respublikası vətəndaşlarına ehtiyatlı olmaları, vacib olmadıqda səfərlərini təxirə salmaları tövsiyə olunur.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası vətəndaşlarına Misir Ərəb Respublikasında baş verən son hadisələrlə bağlı xəbərdarlıq edib. Nazirliyin rəsmi saytında yerləşdirilən xəbərdarlıqda yanvar ayının sonlarından başlayaraq Misir Ərəb Respublikasında hökumət əleyhinə kütləvi nümayişlər və iğtişaşlar başlandığı qeyd edilir. Kütləvi iğtişaşlar nəticəsində çoxlu sayda insan həlak olmuş və yaralanıb. Misir Ərəb Respublikasının hökuməti bütün ölkə ərazisində fövqəladə vəziyyət elan etmişdir. Belə ki, saat 16:00-dan 08:00-dək ölkədə küçəyə çıxmağa məhdudiyyətlər qoyulub.

Bunları nəzərə alaraq Misir Ərəb Respublikasına səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına yuxarıda qeyd edilən məsələləri nəzərə almaları və ehtiyatlı olmaları, vacib olmadıqda səfərlərini təxirə salmaları tövsiyə olunur. Xüsusilə Qahirə, Asuan və Luksor şəhərlərinə səyahətlər vacib olmadıqca təxirə salınmalıdır.

Misir Ərəb Respublikasında daimi, müvəqqəti yaşayan və olan Azərbaycan vətəndaşlarının ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və iğtişaşlara qarışmamaları və yaranmış hər hansı problemlə əlaqədar onlara yardım göstərilməsi üçün Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyinə müraciət etmələri tövsiyə olunur.

Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyi
Ünvan: Qahirə şəhəri, 11431 Maadi Sarayat, 10-cu küçə, Villa 16/24
Tel: (202) 2358-37-90/83/61
Fax: (202) 3583725
E-mail: [email protected] ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar