XİN İrandan gənc şairlərlə görüşə şərait yaradılmasını tələb etdi
12 İyul 2012 Cümə Axşamı 20:40
Elmar Məmmədyarov İranın təhsil naziri Həmidrza Hacıbabayini qəbul edib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının Təhsil naziri Həmidrza Hacıbabayini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin hazırkı durumu və regionunda cərəyan edən proseslərə dair fikir mübadiləsi aparılıb.
Naziri Elmar Məmmədyarov iki ölkə arasında müştərək mədəniyyət, ortaq tarix və qonşuluq münasibətlərini nəzərə alaraq, ortaya çıxan ziddiyyətlərin ikitərəfli münasibətlərə uyğun gəlmədiyini vurğulayıb.
Nazir Azərbaycan vətəndaşları olan iki gənc şairin İranda hələ də saxlanılmasının ölkə ictimaiyyətində ciddi narahatlıq yaratdığını vurğulayıb, beynəlxalq qanunvericiliyə uyğun olaraq Azərbaycanın diplomatik nümayəndəliyinin konsulunun bu şəxslərlə görüşünə şərait yaradılmasını tələb edib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iranlı nazirdən Azərbaycan hökumətinin ciddi narahatçılığını İran rəhbərliyinin diqqətinə çatdırmasını istəyib.
DOSTLARINLA PAYLAŞ: