XİN Azərbaycan ərazisindən İranın vurulacağı ilə bağlı iddiaya cavab verdi
03 Dekabr 2012 Bazar Ertəsi 11:45
Elman Abdullayev: ""The Sunday Times" qəzetinin "İsrail İranı vurmaq üçün Azərbaycan ərazisindən istifadə edəcək" başlıqlı yazının heç bir əsası yoxdur"
Böyük Britaniyanın "The Sunday Times" qəzetinin "İsrail İranı vurmaq üçün Azərbaycan ərazisindən istifadə edəcək" başlıqlı yazının heç bir əsası yoxdur. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abduallayev "1news"a açıqlamasında bildirib.
“Bu məsələ ilə bağlı Azərbaycanın mövqeyi dəfələrlə bildirilib. Rəsmi Bakı ərazisindən qonşularına qarşı istifadə edilməsinə heç vaxt icazə verməz. Azərbaycan mehriban qonşuluq münasibətlərini saxlayır və heç vaxt bu addımı atmaz. Bizim mövqeyimiz bundan ibarətdir”, - deyə E. Abdullayev qeyd edib.
Nəşrin versiyasına görə, İsrail hərbçiləri “Eytan”- dünyada ən böyük pilotsuz uçan apparatdan istifadə etməyə hazırlaşır. Məqalə müəllifi Uzi Mahnaimi İsrail hərbi mənbələrinə istinadən yazır ki, İran İsraili raketlə vurarsa, onları sürət yığdıqları anda vurmaq lazım gələcək. Bunun üçün "Hellfire" raketlərini daşıyan “Eytan”lardan istifadə olunması planlaşdırılır.
Qəzetdə daha sonra qeyd edilir ki, Azərbaycanda bazası yerləşdirilən bu “Eytan”lar İsrailin ardıcıl raketdən müdafiə sisteminin bir hissəsi olmalıdır.
DOSTLARINLA PAYLAŞ: