XI qızıl ordunun Azerbaycanı işğalından 93 il ötür
28 Aprel 2013 Bazar 00:30
XI qızıl ordunun Azerbaycanı işğalından 93 il ötür. 90 il əvvəl Şərqin ilk demokratik cümhuriyyətinin varlığına son qoyulub.
71 il bayram kimi təqdim edilən 28 aprel artıq öz adı ilə çağrılır. Məhz 93 il bundan əvvəl Sovet qoşunları Şərqin ilk demokratik cümhuriyyətinin varlığına son qoyaraq bu əraziləri işğal etdi. Azərbaycan tarixinin 70 illik səhifəsini əhatə edən Sovet hakimiyyətinin ölkəmiz və xalqımızın taleyində oynadığı rolla bağlı fikirlər birmənalı deyil. Əksər ekspertlər hesab edir ki, 1920-ci ilin aprelində Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edilib və bu imperiyanın əsarəti altında Azərbaycanın itirdikləri Çar Rusiyasının hakimiyyəti dövründə itirdiklərindən heç də az olmayıb. Azərbaycanın sərvətləri talanıb, on minlərlə həmvətənimiz həlak olub.
Azərbaycan neftinə sahib olan bolşevik hökuməti təşəkkürünü repressiyalar, qətllərlə bildirdi. Araşdırmalara görə, 20-50-ci illərdə Stalin repressiyalarının qurbanı olmuş azərbaycanlıların sayı 350 minə yaxındır. Yalnız 150 min həmvətənimiz Qazaxıstanda həlak olub. Rusiyanın cəlb olunduğu II Dünya müharibəsində də 300 min azərbaycanlı dünyasını dəyişib. Amma bütün bu mənfi cəhətləri ilə yanaşı Sovet hakimiyyətinin Azərbaycanın tarixində müsbət izlərinin də olması danılmazdır. İlk növbədə tarixçilər formal da olsa, Azərbaycanın bir dövlət kimi dövlətçilik atributlarının formalaşmasını göstərirlər. Sonra bu atributlar və hökumət strukturları müstəqil Azərbaycan Respublikasının formalaşması üçün baza rolunu oynadı. Eləcə də İslam aləmində ən yüksək savadlılığın yaranmasında Sovet hakimiyyəti az rol oynamayıb.
Politoloq Rasim Ağayev bildirib ki, Azərbaycanda ziyalı sinfi ortaya çıxıb: “Azərbaycanın elitası çıxdı, Azərbaycanın akademiyası yarandı. Əslində mülkiyyət dövlətin əlinə keçdi. Mülkiyyəti milyonerlərdən almaq indi bizə pis gəlir. Amma onlar alıb bunu ciblərinə qoymadılar, onları xalqın arasında payladılar və xalqın inkişafına kömək etdilər. Aclıq məsələsi aradan götürüldü”. Politoloqun sözlərinə görə, hər kəsin başı üstündə damı yarandı, Azərbaycanın iqtisadiyyatı möhkəmləndi.
Ekspertlərinə sözlərinə əsasən, Azərbaycan Sovet Respublikası Sovet dövründə ölkənin iqtisadi baxımdan ən inkişaf etmiş regionlarından biri idi. Amma müsbət cəhətlərinə baxmayaraq Sovet Rusiyası aprel işğalı ilə Azərbaycanın demokratik cümhuriyyətinin qatili kimi tarixdə qalacaq.
DOSTLARINLA PAYLAŞ: