Xəzərin hüquqi statusuna dair konvensiyanın hazırlanması sürətlənəcək
18 Avqust 2009 Çərşənbə Axşamı 11:20
Rusiya prezidenti Dmitri Medvedev bununla bağlı göstəriş verib

 

Xəzər dənizindəki neft kəmərlərinə aid olan istənilən məsələ 5 dənizyanı dövlətin razılığı ilə həll olunmalıdır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib. Onun sözlərinə görə, digər bir variantı Rusiya heç bir vəchlə qəbul etməyəcək.

Qeyd edək ki, Həştərxanda keçirilən toplantıda Rusiya prezidenti Dmitri Medvedev Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın hazırlanması istiqamətində aparılan işlərin sürətləndirilməsi barədə göstəriş verib. Onun sözlərinə görə, bu konvensiya özündə Xəzəryanı əməkdaşlığın bütün tərəflərini əhatə edəcək. «Burada Xəzər sahilində yerləşən bütün dövlətlərin maraqları mütləq şəkildə nəzərə alınmalıdır. Hər 5 Xəzəryanı dövlət buna görə ciddi məsuliyyət daşıyır. İstənilən istiqamətdə əməkdaşlığı da 5 dövlətin özü müəyyən etməlidir,- Rusiya prezidenti Dmitri Medvedevin bəyanatında belə deyilir.

Medvedev həmçinin bu yaxınlarda Xəzəryanı ölkələrin liderləri ilə görüşün keçiriləcəyini də əlavə edib.

«Xəzərin şimal hissəsinin dibinin Azərbaycan və Qazaxıstanla bölünməsinə nail olmuşuq. Hesab edirəm ki, bu təcrübəni Xəzər dənizinin cənub hissəsində də aparmaq mümkündür. Buna baxmayaraq orada bəzi çətinliklər mövcuddur. Suyun və dibin bölünməsi məsələləri hələ də bəzi suallar ortaya qoyur. Düşünürəm ki, növbəti toplantıda bütün suallara cavab tapılacaq»,-deyə Medvedev vurğulayıb. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar