Xəzərin hüquqi statusuna dair danışıqlarda irəliləyiş əldə olunub
23 Noyabr 2011 Çərşənbə 15:50
Qazaxıstan xarici işlər nazirinin müavini: “Biz nəzərəçarpacaq tərəqqi müşahidə edirik”.
Xəzərin hüquqi statusuna dair konvensiyanın razılaşdırılmasına həsr edilmiş xüsusi işçi qrupun Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən 30-cu iclası öz işini başa vurub. APA-nın “Novosti-Kazaxstan” agentliyinə istinadən verdiyi məlumata görə, Qazaxıstan xarici işlər nazirinin müavini Kayrat Sarıbay bəyan edib ki, hələlik tam həllini tapmamış bir çox istiqamətlərdə irəliləyiş əldə olunub: “Biz nəzərəçarpacaq tərəqqi müşahidə edirik”.

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələıfov isə bildirib ki, iclas zamanı konvensiyaya dair fikir mübadiləsi aparılıb: “Bəzi məsələlərə dair mövqe və yanaşmalarımızı tutuşdurmaq imkanı əldə etdik”.

İran prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Mehdi Axundzadə də nikbin tonda danışıb: “İclas bizi son nöqtəyə yaxınlaşdırıb. Biz irəli getmişik”.

Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Aleksandr Qolovin də etiraf edib ki, tərəflər yekun nəticəyə yaxınlaşır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar