Xəzərdə vulkan püskürməsi neft platformalarında böyük qəzalarla nəticələnə bilər
07 Sentyabr 2011 Çərşənbə 15:11
Bu barədə Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə ANS PRESS-ə müsahibəsində bildirib.
Ötən il Meksika körfəzindəki neft platformasında baş verən partlayış və bu il Şimal dənizində qeydə alınan neft sızmasını yəqin ki yaxşı xatırlayırsınız. Meksika körfəzində qəza nəticəsində milyonlarla ton xam neftin dənizə axması körfəz ölkələrində böyük ekoloji faciənin baş verməsinə səbəb olmuşdu. Görəsən Xəzərdə yerləşən platformalarda sızma və ya qəza baş verərsə biz onun nəticələrini nə dərəcədə aradan qaldırmaq imkanına və təcrübəsinə malikik. ANS PRESS bu və digər geoloji mahiyyətli sualları ünvanlayıb.

Akif müəllim, ilk olaraq diqqətinizi Meksika körfəzində baş verən qəzaya yönəltmək istəyirəm. Xəzərdə belə qəza baş verərsə bunun qarşısını almağa bizim nə dərəcədə gücümüz və təcrübəmiz çatar?
- Bu, əlbəttə böyük bir faciə ola bilər. Orada fikir verdinizsə, ekologiyaya, ətraf mühitə nə qədər ziyan dəydi, balıq sənayesi, ümumiyyətlə dənizin flora və faunasına çox mənfi təsir oldu. Bunların hamısı nəzərə alınmaz dərəcədə təhlükəlidir. Amma indi elmi -texniki inkişaf çox irəli gedib. Alimlər, mütəxəssislər və mühəndislər qazma, neftin istehsal prosesində, quyunun artıq işlənilmə zamanında bütün texniki mühəndis paramentlərini dəqiq öyrənməyə, təhlil etməyə çalışırlar ki, belə bir hadisəni qabaqlasınlar. Bu böyük bilik və təcrübə tələb edir.

Əlbəttə, Meksika körfəzində baş verən hadisəni BP şirkəti o qədər də gözləmirdi. Orada baş verən partlayış nəticəsində bütün platforma dağıldı. Bu təhlükə həmişə var, xüsusilə də okeanda qazma aparanda, dənizin dərin qatlarına gedəndə. İndi gərək insan qəzanı nə qədər öncədən, tələsmədən proqnozlaşdıra, onu elmi baxımdan əsaslandıra bilsin ki, qəzanın riski azalsın.

Biz orada baş verən qəzadan nə nəticə çıxartdıq, hər hansı təcrübə qazandıqmı?
- Əlbəttə təcrübə topladıq. Məndə olan məlumata görə, Cənubi Xəzər çökəkliyində qazma və işlənilmə işləri ilə məşğul olan BP şirkəti burada qəzanın baş vermə riskini azaltmaq üçün bəzi yeni texniki tədbirlər həyata keçirdi. Lakin burada başqa bir məsələ var. Ola bilsin ki, insan tərəfindən qəzanın baş verməməsi üçün bütün gözləntilər nəzərə alınsın, amma bizim Xəzərin okeandan fərqli olaraq başqa bir problemi var. Xəzərin cənubunda yerləşən neft strukturlarının olduğu ərazilərin çoxu palçıq vulkanları ilə inkişaf edib. Misal üçün götürək elə “Azəri”, “Çırağ”ı, “Şahdəniz”i, yeni qazılan “Kəpəz”i, “Abşeron”u və digərlərini. Bunların hamısı palçıq vulkanları ilə mürəkkəbləşib. Bu palçıq vulkanlarının qəflətən püskürməsini proqnozlaşdırmaq mümkün deyil. Onlar həmin o platformalara təsir edə və böyük qəzalara gətirib çıxara bilər. Buna görə biz alimlər həmişə Azərbaycan Dövlət Neft Şirkəti və BP-yə tövsiyə edirik ki, oralarda monitorinq aparaq. Orada seysmik cihazlar, GPS - yəni horizontal hərəkətləri qeyd edən cihazlar quraşdırmaq lazımdır. Bu, alim və mütəxəssislərin orada hansı hərəkətlərin baş verməsini izləyə bilməsi üçündür. Yəni müşayiət edib görsünlər ki, orada həmin hərəkətlər şiddətlənirmi və ya o qədər də şiddətlənmir, yaxud təsirsizdir. Hazırda dənizdə belə cihazlar quraşdırılmayıb. Lakin quruda var. Bu cihazlar çox bahalı cihazlardır.

Biz bununla əlaqədar olaraq Bakı şəhəri və Abşeron yarımadasının seysmik təhlükə və riskin GPS və seysmik məlumatlar əsasında qiymətləndirilməsinə dair 2011-2017-ci illər üçün tədbirlər proqramı hazırlayıb Nazirlər Kabinetinə təqdim etmişik. Və bütün nazirliklər buna müsbət yanaşıb. Vəsait ayırmalı olan Maliyyə Nazirliyi isə hələ ki, proqramı təhlil edir. Ümid edirəm ki, onlar da müsbət cavab verəcəklər. Proqram təsdiq olunduqdan sonra biz platformaların dibində dib seysmoqrafları - GPS-lər quraşdıracağıq ki, həmin platformaları saxlayan boruların hərəkət edib-etmədiyini, ümumiyyətlə Yer səthi və dənizin dibinin nə dərəcədə hərəkətdə olduğunu, necə nəfəs aldığını görək və müəyyən edək. Biz Abşeron geodinamik poliqonu yaratmaq şərti ilə Abşeronun həm quru, həm dəniz hissəsində, həm də Bakı arxipelaqında bunları quraşdıra bilsək, online sistemlə orada baş verən hadisələri izləmək imkanı qazanacağıq. Yəni yerin nəfəsalma prosesi həmişə nəzarət altında olacaq. Bu baxımdan bizdə Cənubi Xəzərdə belə bir təhlükə vardır. Biz bütün bunları proqnozlaşdıra bilsək çox böyük bir hadisə olardı.

Cənubi Xəzərdə olan resurslarımız hələ bir 50-70 il bizi təmin edər. Xammal kimi təqribən 2 milyard ton neft ehtiyatımız var

Xəzərdə neft və qaz ehtiyatlarının həcmi nə yerdədir?
- Xəzərdə neft və qaz ehtiyatları çoxdur. Onlar hələ kəşfiyyata salınmayıblar. Hesab edirəm ki, bu gün ARDNŞ və alimlər neft-qaz kəşfiyyatını bir qədər intensivləşdirməlidir. Çünki istehsal, işlənilmə bir qədər kəşfiyyatı qabaqlayır. Nəticədə istehsalla kəşfiyyat arasında qopma yarana bilər. Hazırda neft şirkəti bu istiqamətdə tədbirlər görür, artıq qazmalar başlayır, onlar yeni strukturları kəşfiyyata salırlar. Və heç şübhə yoxdur ki, hər-halda neft, neft-kondensat, qaz yataqları aşkar olunacaq. Bizim Cənubi Xəzərdə olan resurslarımız tükənməyib, az deyil, hələ bir 50-70 il bizi təmin edər. Burada müxtəlif rəqəmlər var, var şərti yanacaq rəqəmi, sırf istehsal olunan neftin rəqəmi. Xammal kimi təqribən 2 milyard ton neft ehtiyatımız var. Biz indi bu rəqəmi zəiflətməmək üçün gərək kəşfiyyatı dayandırmayaq.

Xəzərdə neft və qaz istismarı hövzənin flora və faunasına necə təsir edir?
- Axır vaxtlar neftçilərimiz ekoloji baxımdan işlənilmə proseslərini xeyli təkmilləşdiriblər. Yəni bu gün KİV-də neftin dağılması və yayılmasına dair heç bir informasiya yoxdur. Neft baxımından Xəzərimiz bir o qədər də çirkin deyil. Yəni belə demək olmaz. Hətta bizim dövlət tərəfindən tədbir görülür ki, Bakı buxtasının dəniz dibinə çökən neft məhsullarından təmizlənməsi istiqamətində iş aparılır.

Son vaxtlar ölkədə torpaq sürüşmələri çoxalıb. Bakının Bayıl yamacında yenə sürüşmə qeydə alındı. Bu nə ilə əlaqədardır?
- Azərbaycanda torpaq sürüşmələri həmişə olub və olacaq. Bu müxtəlif geoloji, hidrogeoloji və geokimyəvi proseslərdən asılıdır. İnsanlar sürüşkən olan zonalara müdaxilə etməməlidirlər. Texnika müdaxilə edəndə geoloji və hidrogeoloji şərait pozulur və bu da sürüşmə zonasının aktivləşməsinə gətirib çıxarır. Hazırda orada bərkitmə və qazma işləri aparılıb. Lakin bu proses yer qabığında həmişə var. Bu, suxurların həm yatımından, həm də tərkibindən asılı olan bir prosesdir. Sürüşmə güzgüsü deyilən bir şey var. Gillər onun üzərində suxurlarla sürüşür. Bu, strukturun quruluşundan, suxurların tərkib hissəsindən asılıdır.

Ekspertlər Bakının tədricən sürüşdüyünü deyirlər
- Yox, boş söhbətdir, bu. belə deyil. Biz quraşdırdığımız GPS-lərə əsasən məlumat əldə etmişik ki, Afro-Ərəbistan plitəsi bir qədər hərəkətdə olaraq İran plitəsini itələyib və gəlib Azərbaycana çataraq burada iki haçaya bölünüb, yəni təzyiqlərin biri Abşeron, biri isə Anadolu tərəfə istiqamət götürüb. Demək istəyirəm ki, belə bir proses var. Sürüşmə məsələsi bir az qeyri-ciddi bir söhbətdir.

Bakı şəhərinin geoloji quruluşu burada belə hündür binaların tikilməsinə imkan verirmi?
- Binaları lap suda da tikmək olar. Yaponlar elə zəlzələ ola-ola tikirlər. Hər şey tikinti texnologiyasının ciddiliyindən asılıdır. Guman edirəm ki, bizdə də binaların hamısı ciddi şəkildə tikilib. Buna indi hökumət də nəzarət edir.

Azərbaycanda zəlzələ nəticəsində uzun çat yaranmışdı? Bu çat nə dərəcədə təhlükəlidir?
- Düzdür, o çat hələlik inkişaf etmir. Məncə, bu çat da bayaq qeyd etdiyim plitələrin hərkətindən asılıdır. Bu, ölkənin cənubda yaranmış xırda çatdır və şimal-qərb tərəfə doğru gedir.

Abşeron bağlarını şor su basır. Bu nə ilə əlaqədardır və bunun qarşısını almaq üçün nə etmək lazımdır?
- Ümumiyyətlə yeraltı suların səviyyəsi qalxıb. Bu başlıca olaraq insan fəaliyyətilə, həmçinin dənizin səviyyəsinin qalxma və enmə prosesi ilə əlaqədardır. Bu, tarixən baş verən bir prosesdir. Lakin buna insan fəaliyyəti də “öz töhfəsini” verir. Yəni hazırda Abşeron bağlarında bağ təsərrüfatı o qədər inkişaf edib ki, hər bağın, hər sahənin çox intensiv suvarma prosesi gedir. Bu da yeraltı suların səviyyəsinə təsirsiz ötüşmür. Bağ təsərrüfatı idarələri buna nəzarət etməlidirlər. Yəni artıq suvarma olmasın və yaxud suyun səviyyəsi, qrunt sularının səviyyəsi qalxırsa, deməli balaca drenaj sistemi yaratmaq lazımdır. Yerin altı ilə Xəzərə kanal çəkmək lazımdır. Ehtiyac yarandıqca bu cür işlər görülməlidir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar