Xəzərdə balıq ovu kvotası müəyyənləşdi
25 İyun 2010 Cümə 10:45
Kvotanın ümumi həddi 7 faiz aşağı salınmaqla, Azərbaycan üzrə 6,7 faiz qəbul edilib.
İranın paytaxtı Tehranda keçirilən Xəzər dənizinin Su Bioresursları Komissiyasının 31-ci iclası başa çatıb. İclasda Azərbaycanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin mütəxəssislərindən ibarət nümayəndə heyəti təmsil edib. İclasda 6 məsələ gündəliyə salınıb və müzakirə olunub.

Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentindən ANS PRESS-ə verilən məlumata görə, 1-ci məsələdə Xəzərətrafı ölkələrin 2010-cu il üçün nəzərdə tutulmuş balıq ovu kvotasının mənimsənilməsi, su bioresurslarının artırılması və mühafizəsi haqqında hesabat dinlənilib və qəbul edilib.

2-ci məsələdə tərəflərin balıq ehtiyatlarının öyrənilməsi üzrə 2010-cu ildə aparılmış elmi tədqiqat işləri barədə hesabat dinlənilib və qəbul olunub.

3-cü məsələdə 2010-cu il üçün balıq ovunun ümumi həddi və onun milli kvotalara bölünməsi məsələləri müzakirə edilib və 2008-ci ilə nisbətən (2009-cu ildə balıq ovu kvotası qəbul edilməyib) kvotanın ümumi həddi 7 faiz aşağı salınmaqla, Azərbaycan üzrə 6,7 faiz qəbul edilib.

İclasda Azərbaycanın nümayəndə heyəti bölgə balığının sənaye ovundan birtərəfli imtina etdiyi və onun ehtiyatlarından yalnız balıqartırma və elmi tədqiqat məqsədləri üçün istifadə edəcəyi barədə xüsusi bəyanatla çıxış edərək digər ölkələri də bu təklifə qoşulmağa çağırıb.

4-cü məsələdə Qazaxıstanın Xəzərdə nərəcinsli balıqların ovuna ümumi qadağa (moratoriya) qoyulması təklifi müzakirə edilib: İran və Türkmənistan bu məsələnin ətraflı öyrənilməsini və hüquqi mexanizminin işlənilməsindən sonra baxılmasını təklif edib, Rusiya Federasiyası isə balıqartırma və elmi məqsədlər üçün istifadə şərtilə ovu saxlamağa razılığını bildirib.

Qeyd edək ki, CİTES Konvensiyasının Tərəflərinin 14-cü konfransında 12.7 qətnaməsinə edilən dəyişiklik və əlavələrə əsasən hər hansı ölkə birtərəfli qaydada balıq ovuna qadağa qoya bilər. Azərbaycan öz növbəsində çıxışında, bu qətnamədən istifadə edərək 4 növ nərə balığından ikisinin (kələmo (şip) balığına 1979-cu ildə, bölgə balığına isə 2009-cu ildə) ovuna birtərəfli qaydada qadağa qoyduğunu bəyan edib. Qazaxıstana isə Azərbaycan tərəfinin nümunəsindən istifadə edərək, ehtiyatları kəskin azalan növlərin ovundan birtərəfli qaydada imtina etməyi və ya ümumi ovun azalması təklifinə baxmağı təklif edib.

5-ci məsələdə BMT-nin Ərzaq Təşkilatının (FAO) Xəzərdə balıqçılıq təsərrüfatının idarə edilməsi üzrə apardığı layihənin müddətinin uzadılması barədə İran İslam Respublikasının təklifi müzakirə edilərək qəbul edilib. Bu məqsədlə azı 3 Xəzərətrafı dövlətin Kənd Təsərrüfatı Nazirlərinin FAO təşkilatına müraciətinin vacibliyi bildirilib.

6-cı məsələdə müxtəlif cari məsələlər müzakirə olunub. İclasda Azərbaycan nümayəndə heyətinin təklifi ilə 2011-ci il üçün balıq ovu kvotasının qəbul edilməsinə həsr olunmuş növbəti 32-ci iclasın İran İslam Respublikasında dekabr ayının 1-ci ongünlüyündən gec olmayaraq keçirilməsi qəbul edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar