Xəzər dənizində kruiz layihəsinin həyata keçirilməsində ciddi problemlərin olduğu üzə çıxıb
14 Dekabr 2011 Çərşənbə 13:44
BMT-nin Ümumdünya Turizm Təşkilatının (ÜTT) ekspert missiyası Xəzər dənizi üzrə kruiz layihəsinin potensialının qiymətləndirilməsi məqsədilə Azərbaycan, Qazaxıstan və Rusiyada səfərdə olub.


Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən “APA-Economics”-ə verilən məlumata görə, Bakıya səfər edən ÜTT eksperti Robert Kleverdon dəniz kruizinin həyata keçirilməsi üçün Bakıda mövcud infrastruktur, xidmət və turizm potensialı ilə tanış olub, bir sıra görüşlər keçirib.

R. Kleverdonun Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktorunun I müavini Vahid Əliyevlə görüşündə Xəzərdə üzən gəmilərin parametrləri, xarakteristikaları, texniki imkanları, həmçinin limanlar arasındakı məsafələr müzakirə olunub. Söhbət əsnasında Xəzər dənizində yalnız çay-dəniz tipli gəmilərin (suyun altında qalan hissə 5 metrdən dərin olmayan. Misal üçün okeanda üzən gəmilərin suyun altıda qalan hissəsi 14-20 metr təşkil edir) üzmək imkanının olduğu bildirilib. Bununla əlaqədar bəzi problemlərin meydana çıxa biləcəyi qeyd edilib. Belə ki, bu cür gəmilər ya Xəzər akvatoriyasında inşa olunmalı, ya da Volqa çayı ilə akvatoriyaya gətirilməlidir. Lakin Volqa çayında mövcud körpülər nəzərə alınsa, gəmilərin keçməsində problem meydana çıxır. Bəzi hallarda hündürlüyünə görə gəmilərin üst hissələri kəsilir və sonradan bərpa olunur.

Görüşdə bəzi mövsümi problemlərin olduğu da bildirilib. Qış mövsümü zamanı bəzi limanlar (məsələn Həştərxan) buz bağlayır və gəmiləri qəbul etmək imkanında olmur. Volqa çayından rahat keçən çay tipli gəmilər isə küləyə görə Xəzər dənizində üzə bilmir.

Nazirliyin Turizm şöbəsində isə R. Kleverdonla Azərbaycan Turizm Assosiasiyası, turizm sahəsində fəaliyyət göstərən və kruiz marşrutları üzrə ixtisaslaşan “Millenium Travel” və “Bakı Tour” şirkətləri arasında görüş keçirilib. Görüşdə bazarın imkanları və təklifin perspektivləri müzakirə olunub.

Görüş çərçivəsində limanlarda dayanma vaxtı, gəminin neçə nəfərlik olması, ümumi kruizin müddəti və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Bakıda olduğu müddət ərzində tərtib olunmuş proqram üzrə R. Kleverdon üçün şəhərin görməli yerləri, mədəni-tarixi abidələri, muzeyləri, o cümlədən milli mətbəx və milli musiqi ilə tanışlıq təşkil olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar