Xətai rayonunda seçki bülletenləri seyfdə gizlədilib
08 Noyabr 2010 Bazar Ertəsi 19:40
Namizədlər 35 saylı III Xətai seçki dairəsində baş verən qanun pozuntuları ilə bağlı bəyanat yayıb.
35 saylı III Xətai seçki darəsindən deputatlığa namizəd Canmirzə Mirzəyev və Aqil Səmədbəyli qanun pozuntuları ilə bağlı birgə bəyanatla çıxış edib. Namizədlərin seçki qərargahından ANS PRESS-ə daxil olan bəyanatın mətnində bildirilir ki, sözügedən dairədə səsvermə zamanı çoxlu qanun pozuntuları qeydə alınıb. Məntəqələrin əksəriyyətində bülletenlər sayılmayıb, bülletenlərin sayılması zamanı məntəqə sədrləri tərəfindən topa bülletenlər əlavə edilib. Protokollar müşahidəçilərə göstərilməyib, bir çox protokollara möhür vurulmayıb.
Həmçinin bəyanatda bildirilir ki, Heydər Əliyev adına Ali Hərbi Məktəbdə yerləşən 27-28-29 saylı məntəqələrə Canmirzə Mirzəyev və Aqil Səmədbəylinin müşahidəçiləri buraxılmayıb.
265 saylı məktəbdə yerləşən 7-8-9-10 saylı məntəqələrdə bülletenlər sayılmayıb. Bülletenlərin bir hissəsi seyfdə, bir hissəsi də məktəb direktorunun otağında saxlanılıb və müşahidəçilərə göstərilməyib.
Eyni zamanda hərbi hissələrdə yerləşən məntəqələrdə namizədlərdən birinin plakatları asılıb. Onun xeyrinə təbliğat aparılıb, ona səs verənlər üçün pul paylanılıb. Bir çox məntəqələrdə "karusel" əməliyyatından istifadə olunub, seçicilərin barmaqlarına mürəkkəb vurulmayıb. Bir neçə nəfərin eyni vaxtda kabinaya girməsi qeydə alınıb.
Bəyanatda bu və ya digər qanun pozuntularını sübut edəcək video görüntülərin də olduğu bildirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: