Xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyaya səfər edəcək
19 May 2011 Cümə Axşamı 12:42
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gələn həftə İndoneziyaya səfər edəcək. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov məlumat verib.
Onun sözlərinə görə, səfərdə məqsəd mayın 25-27-də Balidə keçiriləcək Neytrallar Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında iştirak etməkdir. İclasda nazirlər aktual dünya məsələlərini, o cümlədən iqlim dəyişiklikləri, pandemiya, ərzaq təhlükəsizliyi, Yaxın Şərqdə vəziyyət kimi məsələlərini müzakirə edəcəklər.
Azərbaycan həmçinin Neytrallar Hərəkatına da qoşulacaq, bununla da hərəkat üzvü olan ölkələrin sayı 120-yə çatacaq. Xatırladaq ki, Azərbaycan indiyədək bu hərəkatda müşahidəçi statusu ilə təmsil olunurdu.
Neytrallar Hərəkatı özündə hərbi-siyasi bloklarda iştirak etməməyi əsas xarici siyasi kurs elan edən ölkələri birləşdirir. Bu hərəkat 1961-ci il Belqrad konfransında 25 ölkə tərəfindən təsis olunub. APA
DOSTLARINLA PAYLAŞ: