Xanlar Vəliyev: "Azərbaycanda mülkiyyət əleyhinə cinayətlərin sayı artıb"
29 Yanvar 2010 Cümə 21:15
Bu gün Respublika Hərbi Prokurorluğunda kollegiya iclası keçirilib
Bu gün Hərbi Prokurorluqda kollegiya iclası keçirilib. İclasda çıxış edən hərbi prokuror Xanlar Vəliyev bildirib ki, 2009-cu ildə Azərbaycanda mülkiyyət əleyhinə olan cinayətlər bir qədər artıb.
Hərbi Prokurorluq orqanlarının mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiya cinayətlərinə qarşı mübarizə sahəsində fəaliyyətin daha da gücləndirildiyini vurğulayan X. Vəliyev ötən illərlə müqayisədə 2009-cu ildə cinayətkarlıq mübarizə sahəsində daha səmərəli nəticələrin əldə edildiyini deyib. O, Silahlı Qüvvələrdə mənimsəmə, israfçılıq, rüşvətxorluq, vəzifədən sui-istifadə etmə və s. cinayət hadisələrinin vaxtında aşkar olunduğunu, cinayət törətmiş şəxslərin layiqli cəzaya məhkum edildiyini bildirib. Hesabat dövründə mülkiyyət əleyhinə olan cinayətlərin bir qədər artdığını deyən X. Vəliyev Hərbi Prokurorluq orqanları tərəfindən cinayətlər nəticəsində vurulmuş maddi ziyanın 74 faizinin istintaq zamanı ödənməsinin tam təmin edildiyini söyləyib.
X.Vəliyev Silahlı Qüvvələrdə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma hallarının, qeyri-hərbi cinayətlər və şəxsiyyət əleyhinə cinayətlər 13,5 faiz artdığını deyib.
Qeyd olunub ki, hesabat dövründə Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İş üzrə İstintaq İdarəsində ağır və xüsusilə ağır, mürəkkəb və aktual xarakterli cinayət işlərinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib. Tədqiqat orqanlarının fəaliyyətində qanunların icrasına dair 166 yoxlama keçirilib, bunun nəticəsində 2002 qanun pozuntusu aşkar edilib. Qanun pozuntuları doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 213 təqdimat göndərilib, 270 nəfərə xəbərdarlıq edilib, 83 cinayət işi başlanıb.
O da bildirilib ki, ötən il respublika hərbi prokurorunun təqdimatları əsasında prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verdiyinə görə baş prokurorun əmri ilə iki əməkdaş intizam məsuliyyətinə cəlb edilməklə prokurorluq orqanlarından xaric edilib. Hərbi prokurorun əmrləri ilə isə 9 nəfər əməkdaş intizam məsuliyyətinə cəlb edilib.
Hərbi prokuror ötən il 25 işçinin vəzifədə irəli çəkildiyini, 12 işçiyə xüsusi rütbə, 23 əməkdaşa isə hərbi rütbələr verildiyini deyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: