Xalide Xalid ve sürücüsü tezlikle vetene qayıdacaq
20 May 2013 Bazar Ertəsi 17:27
Azərbaycan vətəndaşının ölkəyə qaytarılması ilə bağlı işlər davam etdirilir.
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla İran xarici işlər naziri Əli Əkbər Salehi arasında telefon danışığı olub. Danışıqlarda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin bu ölkəyə səfərinin nəticələri və aprelin 30-da Təbrizdə həbs olunmuş Azərbaycan vətəndaşları ilə bağlı fikir mübadiləsi aparıb.

ANS PRESS-in məlumatına görə, bu barədə XİN-in mətbuat katibi Elman Abdullayev bu gün keçirdiyi brifinqdə deyib.
O deyib ki, Azərbaycanın Təbrizdəki baş konsulluğu və İrandakı səfirliyi bu ölkədə saxlanılan iki Azərbaycan vətəndaşının ölkəyə qaytarılması ilə bağlı işləri davam etdirir.

O, lazımı prosedurların yaxın vaxtlarda başa çatmasından sonra Xalidə Xalidin və onun sürücüsü Şamxal Hüseynovun tezliklə vətənə qayıdacaqlarına ümid etdiyini vurğulayıb.

Abdullayevin məlumatına görə, İran tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri müzakirə olunub, eyni zamanda regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

İranın xarici işlər naziri yaxın zamanlarda Azərbaycana rəsmi səfərə gəlmək arzusunu ifadə edib. O mayın 29-da Tehranda İranın təşəbbüsü ilə Suriyaya dair beynəlxalq konfrans keçiriləcəyini bildirib və Azərbaycan xarici işlər nazirini bu konfransda iştiraka dəvət edib.

Qeyd edək ki, AMEA-nın Ədəbiyyat institunun əməkdaşı, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov aprelin 30-da gecə saatlarında Təbrizdə İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub.

Mayın 18-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin Tehrana səfəri zamanı, mayın 19-da onlar azadlığa buraxılıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar