Vladimir Putin: ““Nabucco”nun uğur qazanmaq şansı azdır”
09 Yanvar 2011 Bazar 04:40
Vladimir Putin: “Azərbaycan qazının həcmi kəmərin doldurulması üçün kifayət etməyəcək”.
Rusiyanın baş naziri Vladimir Putin “Nabucco” layihəsi ilə bağlı pessimist bəyanatla çıxış edib. Onun fikrincə, bu layihənin Rusiyanın “Mavi axın” qaz kəməri ilə müqayisədə uğur qazanacağına şans azdır. Bu barədə məlumatı İranın “Tehran Times” qəzeti yayıb. ““Nabucco”nun əsas problemi nəql olunacaq xammalın təminatlı həcminin və qaz kəmərinin doldurulması mənbələrinin olmamasıdır” - deyən Vladimir Putin bildirib ki, Rusiya bu qaz kəməri ilə heç nə nəql etməyəcək: “İranın yataqlarında hələ kəşfiyyat işləri aparmayıb, Azərbaycan qazının həcmi isə azdır. Bundan başqa, Azərbaycan Rusiyaya qaz nəqli ilə bağlı müqavilə imzalayıb”. Rusiyanın baş naziri hesab edir ki, bu layihənin reallaşması iri investisiyaların cəlb edilməsi şərti ilə mümkündür.
Qeyd edək ki, dəyəri 7,9 milyard avro olan “Nabucco” qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Avropa Birliyi ölkələrinə qaz ixracı nəzərdə tutulur. Uzunluğu 3300 kilometr olan boru kəmərinin texniki nəqletmə gücü ildə 31 milyard kubmetr təşkil edəcək. Layihə iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın “Bulgargaz”, Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri 16,67 faiz paya malikdir. Əsas qaz tədarükçüləri kimi, Azərbaycan, İraq və Türkmənistan nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2015-ci ildə start veriləcək.
“Cənub axını” layihəsi isə Avropaya yeni qaz nəqli marşrutunun yaradılmasını nəzərdə tutur. Onu İtaliyanın ENI şirkəti və “Qazprom” həyata keçirirlər. Onlar 2007-ci il iyunun 23-də dəniz qaz kəmərinin tikintisi haqda saziş imzalayıblar. “Cənub axını” layihəsinin dəniz hissəsinin Qara dənizin dibi ilə Rusiya (“Bereqovaya” kompressor stansiyası) sahillərindən Bolqarıstan sahillərinədək uzanması planlaşdırılır. Qaz kəmərinin Qara dəniz hissəsinin ümumi uzunluğu 900 kilometrə yaxın, maksimum dərinliyi isə 2 min kilometrdən artıq təşkil edir. Plana görə, qaz kəməri 2014-cü ildə istismara veriləcək. Onun buraxılış qabiliyyəti ildə 63 milyard kubmetr təşkil etməlidir. Layihəyə qoyulan investisiyaların ümumi həcmi 25 milyard avro dəyərində qiymətləndirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: