Viktor Yanukoviç: Yaxşı müharibədənsə pis sülh yaxşıdır
13 İyul 2012 Cümə 22:56
Ukrayna Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində irəliləyişə nail olmağa çalışacaq.
2013-cü ildən ATƏT-də sədrlik edəcəyi dövrdə Ukrayna Dağlıq Qarabağ münaqişəsinin və Dnestryanı münaqişənin tənzimlənməsi məsələlərində irəliləyişə nail olmağa çalışacaq.

Ukrayna prezidenti Viktor Yanukoviç Krımda Yusupov sarayında “MDB, Gürcüstan və Baltikyanı ölkələrin Baş Redaktorlar Klubu”nun üzvləri olan jurnalistlərlə görüşdə bildirib ki, Ukrayna hələ həll edilməmiş məsələlərə dair sənədlər qəbulu prosesini artıq başlayıb.

“AzərTAc”ın “Qruziya-onlayn”a istinadən verdiyi xəbərə görə, prezident Yanukoviç deyib ki, Ukrayna ATƏT-də sədrlik edəcəyi dövrdə bu məsələdə irəliləyişə nail olmağa, onu tam həll edə bilməsə də sülhü qoruyub saxlamağa çalışacaq. Çünki yaxşı müharibədənsə pis sülh yaxşıdır.

V. Yanukoviç ümidvar olduğunu bildirib ki, Ukrayna bu münaqişələri beynəlxalq hüquq prinsipləri nəzərə alınmaqla tənzimləməyə nail olacaq.

Xatırladaq ki, MDB, Gürcüstan və Baltikyanı ölkələrin Baş Redaktorlar Klubu 2011-ci ildə Astanada (Qazaxıstan) “RİA-Novosti” agentliyinin təşkil etdiyi Avropa və Asiya KİV-lərinin İllik Forumunda yaradılıb. Klubun əsas vəzifəsi KİV regionda mövcud siyasi, iqtisadi və sosial proseslərin jurnalistlər tərəfindən daha dərindən başa düşülməsi və onların KİV-də obyektiv işıqlandırılması məqsədi ilə KİV rəhbərlərinin MDB ölkələri, Baltikyanı dövlətlər və Gürcüstan rəhbərləri ilə görüşlərini təşkil etməkdir. 2012-ci ilin fevral ayında Kiyevdə klubun birinci sessiyası keçirilmiş, həmin sessiyada Ukraynanın baş naziri Nikolay Azarov və Ukraynanın sabiq prezidenti Leonid Kuçma ilə görüşlər olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar