Viktor Əş: Gənclərin jurnalistikaya cəlb olunmasını görmək çox xoşdur
15 İyun 2011 Çərşənbə 21:34
Beynəlxalq Yayım Şurasının üzvü ANS Mediya və Yayım Şirkətində təcrübə keçən gənclərlə görüşüb.
Beynəlxalq Yayım Şurasının üzvü, səfir Viktor Əş ANS Şirkətlər Qrupunun ABŞ-ın Azərbaycandakı səfirliyi ilə birgə həyata keçirdiyi Jurnalist Akademiyasının məzunları ilə görüşüb. Əş Azərbaycana səfərinin məqsədi açıqlayarkən bildirib ki, o üzvü olduğu Beynəlxalq Yayım Şurasının tabeliyində olan və Azərbaycanda fəaliyyət göstərən ABŞ radiostansiyalarının yerli FM dalğasında yayımının yenidən bərpası ilə bağlı Azərbaycan rəsmiləri ilə görüşüb. “Azərbaycan rəsmilərinə bildirmək istəyirik ki, Beynəlxalq Yayım Şurasına aid olan “Azad Avropa” və “Azadlıq” radioları, həmçinin “Amerikanın səsi” raduosunun məqsədi hər iki tərəfin mövqeyini ifadə edən obyektiv və dəqiq məlumatlarla təmin etməkdir. Həmçinin necə fəaliyyət göstərməyimizə şahid olmaq üçün Azərbaycan rəsmilərini ya Praqaya, ya da Vaşinqtona dəvət edirik. Ümid edirik ki, dəvətimiz qəbul olunacaq. Bu imkan yaradacaq ki, biz yenidən dalğaya çıxaq. Amma bu Azərbaycan hökumətinin qəbul edəcəyi bir qərar olacaq”
V.Əş həmçinin Jurnalist Akademiyasının gənc məzunları ilə bağlı fikirlərini də bölüşüb. Hazırda ANS Mediya və Yayım Şirkətində təcrübə keçən gənclərə tövsiyyəsini də verməyi unutmayıb. O bildirib ki, bu gənclərin jurnalistikaya cəlb olunmasını görmək çox xoşdur: “Jurnalistika istənilən cəmiyyətin və dövlərin vacib tərkib hissəsidir. Bu enerjili gənclər Azərbaycanın gələcəyidir və düşünürəm ki, Azərbaycanın gələcəyi parlaqdır. Məsləhətim sadəcə bu olardı ki, hər zaman bütün tərəflərin mövqeyini göstərərək obyektiv olsunlar, verdikləri məlumatlara öz fikirlərini deyil, qərar qəbul etməyi insanların öz ixtiyarına buraxaraq dəqiq məlumatla təmin etsinlər”.
Xatırladaq ki, Beynəlxalq Yayım Şurası Amerika Birləşmiş Ştatlarına məxsusu bütün xarici radiostansiyalarının işini təmziləyən qurumdur. Onun tabeliyində olan mediya və yayım şirkətləri 59 dildə yayımlanır. anspress
DOSTLARINLA PAYLAŞ: