Vasitəçilər öz sözlərini deməsə, danışıqların mənası itəcək
30 Noyabr 2010 Çərşənbə Axşamı 01:10
“Danışıqlar nəticə üçün aparılır, sadəcə görüntü üçün deyil”
Azərbaycanın qarşısında duran əsas problem Dağlıq Qarabağ münaqişəsidir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin yeni tərkibinin ilk iclasındakı çıxışında deyib. Onun sözlərinə görə, rəsmi Bakı bu istiqamətdə böyük səylər göstəririk ki, tezliklə məsələ öz həllini ədalətli, beynəlxalq hüquq normalarına uyğun şəkildə tapsın: “On səkkiz ildir ki, Minsk qrupu fəaliyyət göstərir, ancaq heç bir nəticə yoxdur. Nəticə o zaman olacaq ki, Azərbaycan torpaqları işğalçılardan azad ediləcək. Nəticə odur. Danışıqların fəallığı, yaxud da ki, müsbət istiqamətdə inkişafı nəticə sayıla bilməz. Biz nəticə görmək istəyirik. Biz istəyirik ki, məsələ beynəlxalq hüquq normaları əsasında həll olunsun, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra edilsin. Digər beynəlxalq təşkilatların - ATƏT, Avropa Parlamenti, Avropa Şurasının qərar və qətnamələri icra olunsun. Bu qərarlar və qətnamələr ona görə qəbul edilib ki, onlar icra olunmalıdır. Əgər onların icra mexanizmi yoxdursa, Ermənistan bu beynəlxalq hüquq normalarına məhəl qoymursa və beynəlxalq birlik öz növbəsində buna qarşı heç bir tədbir görmürsə, onda məsələ çətinləşə bilər”.
İlham Əliyev bildirib ki, Ermənistan məsələni süni şəkildə uzatmağa, özünü danışıqlarda konstruktiv tərəf kimi göstərməyə çalışır: “Ancaq həqiqət ondan ibarətdir ki, həlledici anlarda, həlledici məqamlarda Ermənistan daha əvvəl razılaşdırılmış məsələlərdən geri çəkilir, yenidən qeyri-real, qəbulu mümkün olmayan təkliflər irəli sürür. Beləliklə, danışıqlar prosesini müddətsiz və sonsuz etmək istəyir. Biz buna heç vaxt razı ola bilmərik. Biz danışıqları torpaqlarımızı azad etmək üçün aparırıq. Biz danışıqları Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa edilməsi üçün aparırıq. Ümid edirik ki, bu məsələ ilə məşğul olan qurumlar, tərəflər, vasitəçilər nəhayət, öz kəskin sözünü deyəcəklər. Bunun vaxtı çoxdan çatıb. Əgər belə olmasa, onda bu danışıqların mənası tamamilə itəcək. Danışıqlar nəticə üçün aparılır, sadəcə görüntü üçün deyil. Ona görə, bir daha demək istəyirəm ki, mövqeyimizdə prioritet beynəlxalq hüquq normalarıdır, beynəlxalq təşkilatların qətnamələridir, Azərbaycanın haqq işidir və ədalətli yanaşmadır. Biz onu da bilirik ki, beynəlxalq aləm bəzi hallarda qanunlarla deyil, siyasi maraqlarla tənzimlənir. Ancaq siyasi maraqlar da bu məsələ ilə məşğul olan tərəfləri sövq etməlidir ki, məsələ tezliklə həllini tapsın. Çünki Dağlıq Qarabağ münaqişəsi bölgədə böyük təhlükədir. Bu, real təhlükədir. Bu münaqişə dondurulmuş münaqişə deyil”.
Prezident bildirib ki, böyük dövlətlər bu bölgədə sabitlik, sülh olmasını, müharibə olmamasını istəyir: “Biz də bunu istəyirik. Kim istəyər ki, sabitlik pozulsun, yaxud da müharibə olsun. Ancaq bu o demək deyil ki, bu məsələ dırnaqarası dondurulmuş vəziyyətdə qalsın. Bu, mümkün deyildir. Bu gün bölgədə gedən proseslər, güclər nisbəti və əlbəttə, Azərbaycanın son illər ərzindəki uğurlu inkişafı imkan verməyəcək ki, bu status-kvo uzun müddət qalsın. Biz bununla heç vaxt razı ola bilmərik. Status-kvo dəyişdirilməlidir. Azərbaycan torpaqları azad olunmalıdır. Bizim vətəndaşlar doğma torpaqlarına qayıtmalıdırlar. O ki qaldı xalqların öz müqəddəratını təyin etməsinə, bu məsələ ölkələrin ərazi bütövlüyü çərçivəsində uğurla həll oluna bilər. Helsinki Yekun Aktı da məhz bu yanaşmanı əks etdirir. Dünyada mövcud muxtariyyətlərlə bağlı olan müsbət təcrübə Azərbaycanda da tətbiq olunmalıdır”.
Azərbaycanın dövlət başçısı bəyan edib ki, Azərbaycan prinsipial mövqedən bir addım geri çəkilməyəcək: “Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmayıb və olmayacaq. Heç vaxt Azərbaycan dövləti onun əzəli torpağı olan Dağlıq Qarabağa müstəqillik verməyəcək. Bu, mümkün deyildir. Qarşı tərəf bunu bilir. Ümid edirəm ki, biz danışıqların inkişafında müsbət meyilləri görəcəyik. Ancaq bununla bərabər, başa düşürük ki, məsələni həll etmək üçün biz daha da güclü olmalıyıq. Bizim indiki gücümüz kifayət qədər böyükdür. Amma bütün mənalarda daha da güclü olmalıyıq. Azərbaycanın iqtisadi və siyasi addımları, ordu quruculuğu sahəsində atılmış addımlar bunu göstərir ki, biz hər gün həm iqtisadi, həm hərbi, həm siyasi cəhətdən daha da güclənirik. Bölgədə artan rolumuz əlbəttə ki, bizə bu məsələnin həlli üçün də imkan verəcək”.
DOSTLARINLA PAYLAŞ: