Varşavada Şərq tərəfdaşlığı sammitinin rəsmi açılışı olub
30 Sentyabr 2011 Cümə 15:28
Polşanın paytaxtı Varşavada Avropa Birliyinin (AB) “Şərq tərəfdaşlığı” sammiti keçirilir. APA-nın Azərbaycan prezidentinin saytına istinadən verdiyi məlumata görə, sammitdə dövlət başçısı İlham Əliyev də iştirak edir.
Sammitin iştirakçıları birgə foto çəkdiriblər.
AB ölkələrinin, eləcə də “Şərq tərəfdaşlığı” proqramına üzv olan ölkələrin dövlət və hökumət başçılarının iştirak etdiyi sammiti hazırda təşkilata sədrlik edən Polşanın baş naziri Donald Tusk giriş sözü ilə açaraq, “Şərq tərəfdaşlığı” proqramının əhəmiyyəti haqqında danışıb.
Bildirilib ki, sammitin keçirilməsində əsas məqsəd “Şərq tərəfdaşlığı” ölkələrinin Avropaya inteqrasiyasının sürətləndirilməsi və qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsidir.
Bir çox vacib ikitərəfli görüşlərin keçirilməsi baxımından da əhəmiyyətli olan sammitdə əməkdaşlığın siyasi və iqtisadi aspektləri, prioritet proqramlar, Avropanın maliyyə institutları ilə əməkdaşlıq, viza rejimi və digər məsələlər ətrafında müzakirələr aparılır.
İki ildən bir təşkil edilən “Şərq tərəfdaşlığı” sammiti ilk dəfə 2009-ci il mayın 7-də Çexiyanın paytaxtı Praqada keçirilib. “Şərq tərəfdaşlığı” Proqramı da məhz həmin sammitdə qəbul edilib.
Qeyd edək ki, “Şərq tərəfdaşlığı” təşəbbüsü 2008-ci il mayın 26-da AB-nin Ümumi Məsələlər və Xarici Əlaqələr Şurasında Polşa və İsveç tərəfindən irəli sürülüb. APA
DOSTLARINLA PAYLAŞ: