Van zəlzələsində dağıntılar altından çıxarılan azərbaycanlı qadın danışdı
27 Oktyabr 2011 Cümə Axşamı 14:43
20 yaşlı Vüsalə Çalışqan zəlzələ nəticəsində bir qolunu itirib.
Türkiyənin Van bölgəsində baş verən zəlzələ nəticəsində yaralananlar arasında azərbaycanlı qadında var. ANS PRESS-in türk mətbuatına istinadla verdiyi məlumata görə, bu 20 yaşlı Vüsalə Çalışqan adlı tibb bacısıdır. O, 1,5 ay öncə ailə quraraq Azərbaycandan Türkiyəyə gəlin köçüb.
20 yaşlı qadın zəlzələdən bir necə gün öncə Türkiyədə işləmək icazəsi ala bilib və özəl xəstəxanalardan birində işə başlamağa hazırlaşıb.
V.Çalışqanın sözlərinə görə, hər şey bir necə dəqiqə ərzində baş verib. "Evimiz 6 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşirdi. Qonaqlar üçün mətbəxdə yemək hazırlayırdım. Sarsıntı başlayanda var gücümlə qaçmaq istədim. Qapıya yaxınlaşanda bina çökdü. Məndə beton yığınının altında qaldım. Qolum zədələnmişdi. Yaşamaq istəmirdim. Ancaq həyat yoldaşımın səsi məni həyata qaytardı.Onun səsini eşidəndə "yaşamalıyam" dedim və xilasediciləri səsləməyə başladım".
Tibb bacısı xilasedicilərin onu qaldığı yerdən çıxarmaq üçün 5 saat işlədiyini bildirib. Lakin onlar qadına onu xilas etmək üçün qolunu kəsməli olduqlarını deyiblər. V.Çalışqan əvvəl "kəsməyin. Məni xilas etməyin. Ölmək istəyirəm", deyə o qolunun kəsilməsinə etiraz edib.
Amma azərbaycanlı qadının həyat yoldaşı və səhiyyə işçiləri qolu kəsmək məcburiyyətində qalıblar.
DOSTLARINLA PAYLAŞ: