Vahid Mustafayevin liviyalı üsyançı qrupun rəhbəri ilə eksklüziv müsahibəsi
09 Aprel 2011 Şənbə 20:05
Liviyalı üsyançı: “Mən heç vaxt əlimdə silah saxlamamışam”.
Liviya üsyançıları kimlərdir? ANS TV-nin Liviyaya ezam olunmuş xüsusi müxbiri Vahid Mustafayev Əcdəbiyə ilə əl-Breqa şəhərləri arasında olan hissədə üsyançı qrupun rəhbəri Esan Abdullah ilə söhbət edib. O, bizə üsyançıların silahlı mübarizəyə qoşulmaq motivləri barədə danışır. Müsahibədən bir gün sonra bu ərazi güclü hava zərbəsinə məruz qalıb, onların sonrakı taleyi barədə məlumat yoxdur. Müsahibəni olduğu kimi təqdim edirik.
- Bu yer restoran olub. Burada hər şey Qəddafinin qüvvələri tərəfindən darmadağın edilib. Bura baxın. Bütün bunlar Qəddafinin törətdiyi vəhşiliklərdir. Onlar bizlərə qarşı tanklardan, silahlardan istifadə edirdilər. Mən sizə tankları göstərəcəyəm. ...Bu tankı Sarkozi vurub... Bunu isə hələ koalisiyadan əvvəl vurublar.
Koalisiya qüvvələri dayanandan sonra, Qəddafi qüvvələri yenidən hücuma keçdi. Sonra mənim kimi mülki şəxslər, cavanlar üsyançılara qoşuldular. Mən özüm mühəndisəm. Heç vaxt əlimdə silah saxlamamışam. Mən bu barədə heç nə bilmirdim. Lakin demokratiya, vətən, ailəmin rifahı naminə silaha sarıldım. Bizim pulumuz niyə başqa yerlərdə olmalıdır? Nəyə görə? Nəyə görə bizim sərvətlərimizdən yalnız Qəddafi və onun uşaqları yararlanmalıdır? Buna görə də mən silaha sarıldım ki, vətənimizi azad edək.
- Müharibə bitdikdən sonra siz nə edəcəksiniz? Hərbçi olacaqsız, yoxsa yenə də mühəndis? <>
- İnşallah, müharibə qurtardıqdan sonra mən öz mülki peşəmə qayıdacağam. Mənim 4 qızım, yoldaşım var. Uşaqlardan 3-ü hələ məktəbə getmir. Bütün bunlar qurtardıqdan sonra mən öz peşəmə qayıdacağam.
- Sizcə, Qəddafi hakimiyyətdə qala bilərmi?
- Yox. Qəddafi getməlidir. O, artıq gedib. Bütün pulları belə onu hakimiyyətdə saxlaya bilməz. Biz deyirik ki, o, artıq gedib. Liviyada daha belə adam yoxdur. Həm özü, həm ailəsi, həm də burada tikdiyi hər şey.
- Qəddafi deyib ki, üsyançılar hamısı terrorçulardır. Siz bu barədə nə düşünürsünüz?
- Yox, elə deyil. Qəddafi yaxşı adam deyil. O, yalançıdır. Kim öz ac, yoxsul camaatına xoşbəxt deyər? Biz bunu öz gözlərimizlə gördük ki, Qəddafi qüvvələri adamların başını kəsib, dənizə atırdı. Onların arasında 20 qız da vardı. Onlar küçələrdə adamları öldürür, sonra deyirlər ki, bunu guya biz edirik. O və onun kimi adamlar Liviyada qalmamalıdırlar.
- Qəddafi deyirdi ki, siz zənginsiniz. Siz zənginsiniz?
-Adamlar? Çox yoxsuldurlar. Mənim evimi götürün. Mən Benqazidə yaşayıram. Mənim 2 dənə balaca otağım var, bir dənə də balaca mətbəxim. Nəyə görə? Axı mən Liviya kimi zəngin ölkədə yaşayıram. Mənim atam, anam, babam, bütün qohunmlarım Liviyadandırlar. Qəddafi özü zəngindir, amma adamlar yoxsuldurlar. Liviyada camaat yoxsulluq içərisində yaşayır. Başa düşürsünüz məni?
- Başa düşürəm.
- Bu, mənim əmim oğludur. Mənim yoldaşımın qardaşıdır. Bilirsiniz?
-Yəni bu, sizin ailənizdir?
-Ailəmdir.
- Yəni siz Benqazidə yaşayırsız, buraya isə Qəddafi ilə mübarizə aparmaq üçün gəlirsiniz? Yəni peşəkar hərbçi deyilsiz?
-Peşəklar deyiləm. Mənim silahım balaca və köhnədir. Liviyada gündə 1.5 milyon barrel neft çıxarılır. Bu, rəsmi rəqəmdir. Əslində isə gündə 2 milyon barreldən çox neft çıxarılır. Hesablayın, əgər 1 barrel neftin qiyməti $50 və ya $100 olarsa, bu, gündə nə qədər edir? Bəs 1 ildə nə qədər edir? Bu pullar şəxsi ciblərə gedir.
-Sizin kifayət qədər sürsatınız varmı?
-Siz silahları soruşursunuz? Onun silahı yoxdur, bunun da silahı yoxdur. Amma bizim Allahımız var. Bizi Allah qoruyur. Bizim silahımız Allahdır. Allah bizimlədir. Liviyada azadlıq və demokratiya olacaq! ANSPRESS
DOSTLARINLA PAYLAŞ: