Vahid Mustafayev: "Müstəqilliyi hər gün, hər saat qorumaq lazımdır"
23 Yanvar 2011 Bazar 23:15
"İlham Əliyev bu gün siyasi arenada Qarabağ uğrunda şiddətli döyüşlər aparır".
Bu gün ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev ANS-də yayımlanan “Əhatə dairəsi” verilişinin qonağı olub. Vahid Mustafayevin müsahibəsini olduğu kimi təqdim edirik.
- İlk sualım Çingiz Mustafayev Fondunun təsis etdiyi “İlin Adamı” mükafatın yeni sahibinin müəyyənləşdirilməsi ilə bağlıdır. “Hesabat” verilişində Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun təsis etdiyi mükafatın bu ilki sahibinin adını rəsmən açıqladıq…
- Bəli, bu Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov oldu. Mən fürsətdən istifadə edib onun ailəsini təbrik etmək istəyirəm. Onun ailəsi yalnız onun atası, anası deyil, bütün Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm.
- Tamaşaçılara da maraqlıdır ki, siz seçim prosesini necə edirsiniz?
- Biz bütün il ərzində olan hadisələri nəzərdən keçiririk və vətənpərvərlik, dövlətçilik və digər amilləri nəzərə alaraq, bu adamı seçirik. Keçən il də, sizin çox gözəl yadınızdadır ki, bütün il boyu İlham Əliyevin Qarabağ torpaqlarını Azərbaycana qaytarmaq istiqamətində apardığı işlər ilin sonuna yaxın olaraq artıq demək olar ki, bir neçə rayonun Azərbaycana qaytarılması ilə nəticələnməli idi. Və bu proses doğrudan da bizim gözümüzün qarşısında gedirdi. Onun müxtəlif beynəlxalq tribunalarda çıxışları və ümumiyyətlə xalqın dəstəyilə buradakı irəliləyişlər ilin sonuna artıq bizə hansısa bir nəticələri verəcəkdi. Lakin bu, baş vermiş hadisə, erməni hərbi dəstəsinin Azərbaycan ərazisinə soxularaq cəbhə xəttində münaqişənin baş verməsi və bu münaqişədə Mübariz İbrahimovun qəhrəmancasına iştirakı və Azərbaycana təcavüz edən qüvvənin kəmiyyətindən, sayından asılı olmayaraq onların hamısının məhv edilməsi, bizim mövqelərimizin qorunması və müdafiəsi sahəsində gördüyü iş sözsüz ki, nə Azərbaycan xalqı, nə prezident fəxrlə qarşılamaya bilməzdi. Lakin hamıya aydın idi ki, bu mərhələdə Mübarizə onun mübarizliyinə görə Milli Qəhrəman adının verilməsi Qarabağ uğrunda gedən prosesə və əks tərəfə çox pis nəticə verəcəkdi. Niyə? Ona görə ki, erməni tərəfi bu hadisədə adamlar itirmişdi. Hərbi qüvvə itkisi vermişdi. Və sözsüz ki, bunu onların başına gətirən adama Milli Qəhrəman adının verilməsi vəziyyəti gərginləşdirə bilərdi. Lakin bunların hamısına baxmayaraq, Azərbaycan Respublikasının prezidenti xalqın və Azərbaycanın dövlətçiliyinin tərəfini tutaraq, bu gəncə, bu vətənə öz həyatını bağışlayan adama heç nəyə baxmayaraq Milli Qəhrəman adını verdi. Bu da öz növbəsində yeni bir problemi yaratdı. Bu yeni problem ondan ibarət idi ki, bizim qəhrəmanımızın meyiti erməni tərəfində idi. Bu addımdan, Mübariz Milli Qəhrəman adı ilə təltif ediləndən sonra onun meyitinin geri qaytarılması prosesi daha da çətinləşmişdi. Çünki erməni istiblişmenti əlindən gələni edirdi ki, meyiti qaytarmasınlar. Ermənilər bu kompleksin içində uzun müddətdir yaşayırlar. Onlar dediyi Ararat dağı, hər bir yerdə Araratın şəklini istifadə etməyi, o dağın adından, imicindən istifadə etməsi və onu özlərinin dağı hesab etməsi, eyni zamanda həmin dağın coğrafi nöqteyi-nəzərindən Türkiyə ərazisində yerləşməsi və Ağrı dağ olmağı, həmin prosesi bizim də başımıza açmaq istəyirdilər. Azərbaycanın qəhrəman oğlu, prezident tərəfindən Milli Qəhrəman adına layiq görülən bir şəxsin xalq tərəfindən qəhrəman kimi qəbul olunan vaxt onun meyiti Azərbaycan torpağında yox, erməni tərəfində yerləşməsi sözsüz ki, bizim üçün böyük bir təhqir ola bilərdi. Onlar üçün bu hansısa bir zəfər əlaməti ola bilərdi. Mən sözün əsl mənasında prezidentin bu sahədə göstəriyi şücaətinə və qəhrəmanlığına heyran qaldım. O bu çətin işdən başı uca çıxdı. Və Mübariz İbrahimovun meyitini öz ailəsinə qaytara bildi. Ailəsi deyəndə, mən yalnız onun ata-anasını nəzərdə tutmuram. Milli Qəhrəmanın ailəsi onun millətidir, onun xalqıdır. Biz hamımızıq. Mən hamının adından prezidentə təşəkkürümü bildirirəm. Mən müharibədən keçən bir insan kimi çox gözəl başa düşürəm ki, meyitin qaytarılması həbçilər üçün nə rəmzdir. Və bununla prezident bir daha öz xalqı qarşısında və əsasən bu gün cəbhədə dayanan hərbçilərin qarşısında özünün mərdliyini, dönməzliyini bizə sübut etdi. Bizi bir az da Qarabağ məsələsi ətrafında birləşdirdi və mübariz etdi. Biz artıq daha da yaxşı bilirik ki, bizim arxamızda dayanan adam çox güclüdür və o bizim meyitimizi düşməndə heç vaxt qoymaz. Sadaladığımız digər məsələlərə görə, prezident İlham Əliyev bizim komissiya tərəfindən “İlin adamı” seçilmişdi. Biz ona bu seçimi açıqlayanda, cənab prezident bizə öz təşəkkürünü bildirdi. Amma xahiş etdi ki, bu il biz bu mükafatı Mübariz İbrahimova verək. Böyüklüyünü göstərdi. Bu bir daha onun Mübarizə verdiyi qiymətin adi bir siyasi addım yox, onun ürəyindən keçən, onun canından keçən hissləri tam açıqladı. Mən onun bu hərəkətinə heyran qaldım. Və biz onunla birlikdə bu il “İlin adamı” Mübariz İbrahimovu seçdik.
- Mükafat nə vaxt təqdim olunacaq?
- Bu mərhələ biraz müammalıdır. Biz onu tez verməliyik. Yəni, bizim əsasnaməyə görə, yanvarın sonuna qədər, maksimum fevralın birinci həftəsində bunu təqdim etməliyik. Amma yuxarıda dediklərimin hamısını nəzərə alaraq, prezident İlham Əliyevin iştirakını hər hansı bir şəkildə biz həyata keçirə bilsəydik, bu çox gözəl olardı. Mən düşünürəm ki, bu böyük bir rəmzdir ki, Mübariz İbrahimovun sonuncu mükafatını şəxsən cənab prezident İlham Əliyevin özü versin. O buna layiqdir. Və mənə elə gəlir ki, Mübariz İbrahimov da buna layiqdir.
- Siz həm də “Bakıfilm” Kinostudiyasında çəkilmiş bir sıra filmlərin rejissoru və ssenaristisiniz. Mübariz İbrahimovun qəhrəmanlığını kinoda əks etdirməyi planlaşdırırsınızmı?
- Belə bir təsadüfi hal oldu ki, biz “Yaddaş” filmində məhz Mübarizin qəhrəmanlığını göstərdik. Mübarizin və digər Azərbaycan şəhidlərinin, qəhrəman bacı və qardaşlarımızın mübarizliyini, qəhrəmanlığını artıq ekranlara gətirdik. Bu filmin çəkilişində məhz bu məqsəd qoyulurdu. Bu mənim cəbhədə vuruşan və şəhid olan bacı-qardaşlarımın qarşısında olan borcum idi ki, bu filmi çəkim. Sözsüz ki, Azərbaycan xalqı bütün bizim şəhidlərimizə hörmətlə yanaşır. Amma bir çoxları bu şəhidlik məktəbini, şəhidlik zirvəsinə gətirib çıxaran yolları əyani şəkildə görməmişdilər. Onların qarşısında mənim borcum idi ki, bunu onlara gətirim. Hər şeydən əvvəl şəhidlərin anası, atası, yaxın qohumları öz uşaqlarının, yaxınlarının qəhrəmanlığı ilə fəxr edir. Amma onlar gösməmişdilər bu qəhrəmanlığı necə həyata keçiriblər. Bunların hamısını görən bir adam kimi borcum idi ki, onu ekrana gətirim, göstərim onlara. Bu filmdə mən gördüyüm Azərbaycan əsgərini çəkmişəm. Bu gün də ümidvaram ki, Azərbaycan əsgəri “Yaddaş” filmindən göstərilən əsgərdən də yüksək səviyyədədir. Hər an vətənini, anasını qorumağa hazırdır. Düşmənin həcmi və keyfiyyətindən fərqli olmayaraq, dişlərini qarnına tökməyə bu gün də hazırdır.
- ANS Televiziyası bu həftənin cümə günündən etibarən sizin “Yaddaş” çoxseriyalı bədii televiziya filminizin nümayişinə başladı. Biz bu filmə baxmışıq. Amma niyə çoxseriyalı bədii televiziya filmini hazırlamaq qərarına gəldiniz?
- İş orasındadır ki, mənim ürəyim dolu idi. Mən çox şeyi demək, çox şeyi göstərmək istəyirdim. Amma 1 saat, 30 dəqiqə çərçivəsinə bu yerləşə bilməzdi. Ona görə də biz, bizim baş prodüsserimiz Vaqif Əsədullayevlə belə bir qərara gəldik ki, bunu 6 seriyalı bədii-televiziya serialı kimi çəkək. Lakin onu çəkəndən sonra, onlardan yığma sujet kimi bir bədii film də yaratdıq. Onu da tamaşaçıya təqdim etdik. Beləliklə, tamaşaçılar “Yaddaş”ın 6 seriyasına baxacaq. Biz onu elə proqrama salmışıq ki, sonuncu seriyası 26 fevral, Xocalının işğalı gününə təsadüf etsin. Və o gün tamaşaçılar filmin sonunu görsünlər və Azərbaycan qəhrəmanlarının şücaətinə şahid olsunlar.
- Sizcə bu tipli vətənpərvərlik filmlərinin daha çox çəkilməsi üçün nə lazımdır?
- Bilirsiniz, Napoleona buna oxşar bir sual vermişdilər vaxtında. Napoleondan soruşmuşdular ki, müharibədə qələbə çalmaq üçün əsas amillər nədir? O da 3 amil adı çəkmişdi. Birincisi pul idi, ikincisi pul, üçüncüsü də pul.
- “Xəbərçi” proqramına verdiyiniz müsahibədə Siz “Bakıfilm” kinostudiyasının öz binası və pavilyonuna malik olması barədə danışdınız. Nə vaxt kinostudiya artıq yeni şəraitdə və tam gücü ilə fəaliyyətə başlayacaq?
- Mən bu sahədə prezident İlham Əliyevin adını çəkməliyəm. Bu da onun layihəsi idi ki, biz belə bir kinostudiya yaradaq. Və biz bu kinostudiyanı onun köməyilə yaratdıq. Bu gün “Bakıfilm” Kinostudiyasının pavilyonu regionda, demək olar ki, İran daxil olmaqla, ən böyük pavilyondur. Bizim pavilyonumuzun ümumi sahəsi 863 kv.m-dir ki, orada eyni zamanda 4 serial çəkməyə imkanımız var. Düşünürük ki, sonuncu hazırlıq işləri gedir. Bina avadanlıqla təchiz olunur. Qalan təmir işləri sona çatır. Düşünürük ki, biz mart ayından çəkilişlərə başlamağa müvəffəq ola bilərik.
- Növbədə hansı filmləriniz var?
- Bilirsiniz, bir problem olaraq Azərbaycan kinematoqrafiyasında bu gün mövcud olmayan iki əsas mövzu var. Bu da Azərbaycan xalqı, bizim üçün çox vacib iki mövzudur. Bu mövzulardan biri Xocalı faciəsi, ikinci mövzu da 20 Yanvar faciəsi. Bu günə qədər bu faciələr ekranlaşdırılmayıb. Ola bilsin ki, burada mənim də səhvim var. Ona görə ki, Xocalı faciəsini dünyaya çatdıran adam Azərbaycan xalqının bir oğlu, mənim qardaşım Çingiz Mustafayev oldu. Və bu gün o tək mənim qardaşım deyil, bütün azərbaycanlıların qardaşıdır. Amma hər halda mənim bu sahədə biliklərim digərlərinə nisbətən çoxdur. Ona görə ki, biz bu sahədə çox danışmışıq, çox mübadilə etmişik. Çoxlu video təsvirlərlə işləmişik. Sözsüz ki, bu mövzuya yaxınlaşmaq üçün, film çəkmək üçün müəyyən biliklər olmalıdır. Müəyyən emosional hazırlıq olmalıdır. Ona görə də mən özümü günahkar hesab edirəm ki, bu mövzuda film çəkilməyib. Lakin artıq ssenari hazırdır. Və bu il biz film çəkəcəyik. Gələn il Xocalı faciəsinin 20 illiyinə biz bu filmi Allahın köməyi ilə ekranlara çıxaracağıq. İkinci məsələ, hansı ki, onu da mən yaşamışam, bu, 20 Yanvar hadisəsidir. Biz bu hadisədə də iştirak etmişik. Orada da mənim gözümün qarşısında olanları yəqin ki, mən gətirməliydim səhnəyə. Ola bilsin ki, bir az gec, amma onun da ssenarisi hazırlanıb qurtarır. Və o da gələn ilin 20 yanvarında İnşallah Azərbaycan tamaşaçılarına göstəriləcək.
- Bildiyimə görə, bu başqa bir formatda çəkiləcək.
- “Yaddaş” filmindən fərqli olaraq bu filmləri kinoplyonka ilə çəkmək istəyirik. Əsas məqsəd də ondan ibarətdir ki, biz bunu beynəlxalq festivallara çıxara bilək. Filmlərin ssenariləri elə yazılıb ki, bu filmlər bəşəri insan faciəsini göstərir. Yəni, tək hansısa xalqın xırda kompleksi olaraq nümayiş olunmur. Bəşəriyyət nöqteyi-nəzərindən böyük insan faciəsi kimi səhnəyə çıxacaq. Tarixə qayıtsaq, hər bir xalq Xocalı faciəsinə oxşar faciə yaşayıb. 20 yanvar kimi də bir çox əzilmiş xalqlar bu faciəni yaşayıb. Ona görə də düşünürəm ki, gələn il festivallarda bu filmlərin nümayişi bir fəlsəfi nöqteyi-nəzərindən insan faciəsi tək, çox asanlıqla beynəlxalq ictimaiyyətin ürəyinə yol tapacaq və düşünürəm ki, bununla da biz Çingizin istədiklərinə, Azərbaycan xalqının istədiklərinin bir hissəsinə nail ola biləcəyik.
- Vahid müəllim, deyirsiz ki, film çəkmək çox bahalıdır. Amma bunları kinoplyonkaya çəkməyi düşünürsüz. Bəs pul işini nə edəcəksiniz?
- Bu gün Rusiya kinematoqrafı çox böyük addımlarla inkişaf edir. Burada əsas dəstək dövlət tərəfindən olur. Filmlərin hamısı çəkiləndə, əvvəlində biz Rusiya Kinematoqrafiya Assosiasiyası, yaxud da dövlət qurumlarının dəstəyinin olmasını görürük. Mən düşünürəm ki, bununla əlaqədar bizə də dövlət tərəfindən dəstək olar ki, bu filmləri çəkək və film fondumuza salaq. İnşallah.
- Bu gün müxtəlif səviyyələrdə aparılan müzakirələrdə ölkənin televiziya məkanında şou proqramların ifrat həddə olması ciddi təhlil və daha çox tənqid olunur. Bu tənqidlərlə Siz nə qədər razısınız?
- Bu məsələ daha çox reytinqlərlə bağlıdır. Reytinqlərin mövcudluğu, reytinqlərin bu gün inkişafda olan Azərbaycan televiziyasına göstərdiyi təzyiqi nəzərə alaraq, sözsüz ki, bunu bir mərhələ olaraq qəbul etmək lazımdır. Azərbaycan bu gün inkişaf edir. Televiziya, Azərbaycan televiziyası bütöv Azərbaycan anlayışının bir hissəsidir. O da inkişaf edir. Tənqid edən insanlarla bir çox hallarda mən razıyam. İfrat dərəcədə verlişlər istehsal olunur və düşünürəm ki, tənqid edən insanlar məni kimi səbrli olmalıdır. Bu sahə Azərbaycanda gəncdir. İnkişaf edir. Sözsüz ki, mən də istəyirəm ki, bizim televiziyalar CNN, NBC, CBS tək inkişaf etmiş bir televiziya olsun. Amma gəlin baxaq onların tarixinə: 60 il, 70 il onların tarixi, inkişafı var. Bizimki isə ANS olaraq cəmisi 20 il. Fürsətdən istifadə edib demək istəyirəm ki, Azərbaycan Respublikasının bərpasının 20 illik yubileyi bu il prezidentin sərəncamı ilə təntənəli surətdə keçiriləcək. Və eyni zamanda bu il ANS-in 20 illik yubileyini biz də keçirmək fikrindəyik. Biz Azərbaycanın müstəqilliyi ilə eyni doğulmuşuq və addımlarımız da eynidir. Lakin tək vaxt məsələsi deyil burada. Eyni zamanda biz gərək burada maliyyə vəsaitlərindən də danışaq. Bu gün ABŞ televiziyalarında reklamın 1 dəqiqəsi 50 mindən 100 min dollara qədərdir. Rusiya televiziyalarında reklamın 1 dəqiqəsi 20 min dollardan yüksək rəqəmlərlə hesablanır. Bizdə, Azərbaycanda isə 1 dəqiqəsi 500 manatla hesablanır. Amma istifadə etdiyimiz avadanlıq eyni, istifadə etdiyimiz texnologiyalar eyni. Yəni, hamısını bir yerdən, bir dükandan alırıq və qiymətləri də eynidir. Bundan başqa, televiziyalar böyüdükcə, onların əməkdaşları da böyüyür, insan resursları da çoxalır. Peşəkarlar böyüyür. Onların hamısının ailələri var, onlar maaş almalıdır. Bu səbəbdən televiziyalar bu gün reytinq dalınca qaçır. Çalışırlar ki, reytinqləri çox olsun. Reytinqləri çox olsa, onların gəlirləri də çoxalacaq və onlar qarşılarında olan xərcləri ödəmək imkanına malik olacaq. Bu gün televiziyalar haradan qaynaqlanır? Yalnız reklamdan. Reklamı verənlər də əsasən transkontinental böyük reklam şirkətləridir. “Prokter end Qembl”, “Koka-Kola” və s. Onlar üçün maraqlı deyil ki, biz vətənpərvər verilişi, yoxsa biz əyləncə verilişi veririk.
- Bəs reytinqlərin obyektivliyinə inanırsınızmı? Çünki jurnalist olaraq biz dəfələrlə reytinqlərin aparılma mexanizmi ilə tanış olmaq istəmişik, amma heç vaxt buna şərait yaradılmayıb. Bu halda şəxsən məndə jurnalist olaraq obyektivliyə şübhə yaranır. Siz necə düşünürsünüz?
- Bu sahədə mən artıq sizin düşərgənizdəyəm. Mən də ola bilsin ki, ona hansısa bir şübhə ilə yanaşıram. Amma eyni zamanda bu reytinqlər bizim üçün deyil. Bu reytinq televiziyada istehsalçılar üçün deyil. Bu reytinqlər məhz bizə reytinq verən təşkilatlar üçündür. Onlar ildə 30 mindən çox pul verirlər bu reytinqləri almaq üçün. Bunun bazarı var. Nəyə görə onlar bu pulları verirlər, nəyə görə onlara bu reytinq lazımdır? Sərf etdiyi külli miqdarda pullara nəzarət etmək istəyirlər.
- Vahid müəllim, bir neçə il əvvəl bizdə, yəni ANS-də siyasi-ictimai verilişlər kifayət qədər idi. Amma sonradan bu verilişlərin böyük əksəriyyəti öz yerini şou-proqramlara verdi. Bunun səbəbini nədə görürsünüz?
- Mən düşünürəm ki, ümumiyyətlə Azərbaycanda Televiziya Assosiasiyasının yaranmasının vaxtı gəlib çatıb. Bu televiziya assosiasiyası ola bilsin ki, bizim danışdığımız bütün məsələlərə hansısa bir pozitiv nöqteyi-nəzərdən son qoya bilər. Bilirsiniz, bu gün televiziyaların reklam gəlirləri və reklam qiymətləri yalnız həmin televiziyaların menecerləri tərəfindən tənzimlənir. Ona görə də, xarici reklam verənlər, yaxud da yerli reklam verənlər bu sahədə alverə yol verirlər. Gəlirlər, deyirlər ki, siz bizə reklamı vaxtınızı 500 manata verməsəniz, biz gedəcəyik başqa televiziyaya. Televiziyalar da aralarında rəqabət apararaq, bu qiyməti salır aşağı, nəsə qazansın. Bu sözsüz ki, problematik bir məsələdir. Eyni zamanda bütün televiziyalar anlamalıdır ki, bu heç kimə gəlir gətirməyəcək. Və getdikcə bazardakı reklam qiymətini bir az da aşağı salacaq. Mən sizə bir maraqlı misal gətirim. Bizim istehlakçılarımız 9 milyondur. Gürcüstanın istehlakçılarının sayı isə 3 milyondur. Amma ona baxmayaraq Gürcüstan televiziyalarının reklam qiymətləri bizimkindən ikiqat çoxdur. Bu paradoksal bir məsələdir, amma bu təbiidir. Bunun yeri var həyatda. Niyə belədir? Ona görə ki, onların Televiziya Assosiasiyaları var. Onlar aralarında danışdığı və nizamladığı rəqəmlərdən aşağı düşmürlər. Bu rəqəmləri ciddi surətdə bütün reklamverənlərin qarşısında saxlayırlar. Eyni zamanda qiymətləri qaldırırlar.
- Prezident İlham Əliyev “Jurnalistlərin dostu” mükafatının təqdimatı mərasimində çıxış edərkən Azərbaycanın öz müstəqilliyi yolunda bu gün ciddi təzyiqlərlə üzləşdiyini, gələcəkdə bu təzyiqlərin daha da artacağını dedi və hər birimizi daha da ayıq-sayıq olmağa çağırdı. Bu çağırışı biz necə başa düşməliyik?
- İlham Əliyev bu gün siyasi arenada Qarabağ uğrunda şiddətli döyüşlər aparır. Onun bir əmrilə mən ümidvaram ki, bütün xalq həmin səviyyədə, həmin şiddətlə doğurçu savaşa, dalaşmağa hazırdır. Bunu da bizim qonşularımız çox gözəl bilir. Bu gün artıq bu hazırlıq var və mən şəxsən bunu hiss edirəm. Belə olan təqdirdə, sözsüz ki, Heydər Əliyevin vaxtından bu günə qədər biz müstəqilliyi qoruyub saxlamışıqsa, bu sözsüz ki, kimisə xoşuna gəlmir. Və sözsüz ki, “Wikileaks” kimi və digər hadisələr kimi məsələlər təkrar da oluna bilər və hansısa başqa bir ifrat formada da cərəyan edə bilər. Biz buna hazır olmalıyıq.
- Artıq bu, informasiya müharibəsidir?
- Prezident öz çıxışında informasiya müharibəsi haqqında çox şey dedi. O dedi ki, bu gün biz artıq informasiya müharibəsi sahəsində əvvəllər olduğu kimi aciz deyilik. Düzdür, qabaq informasiya müharibəsində yalnız ANS var idi. Biz “Vesti” proqramı vasitəsilə, “TNT” vasitəsilə, “ORT” vasitəsilə bu mübarizəni apara bilirdik. Biz xarici telekanallara CNN, BBC-yə materiallar göndərirdik. Amma bu çox az idi və çox kasıb idi. Bu gün isə dövlətin böyük propaqanda maşını işləyir. Və xaricdə bizim diasporamız işləyir. Mən çox şadam ki, bizim də bu işdə hansısa, balaca da olsa zəhmətimiz var. Bəli, bu gün informasiya müharibəsində biz güclüyük və bizdən beynəlxalq səhnədə daha güclü olan ermənilərə heç də uduzmuruq. Belə olan təqdirdə, düşünürəm ki, bundan da acınacaqlı vəziyyətlər Azərbaycanı gözləyə bilər. Azərbaycan onlarla rastlaşa bilər. Buna baxmayaraq, biz bunların hamısına hazır olmalıyıq. Müstəqillik 1991-ci ildə qazanılıb və 2011-ci ilə qədər gətirilib çatdırılıb. Bu prosesin sonu yoxdur. Müstəqilliyi hər gün, hər saat qorumaq lazımdır. Sizin də işinizdə sizə uğurlar arzulayıram. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: