Üzeyir Cəfərov sərt açıqlama verib
11 May 2014 Bazar 22:40
Üzeyir Cəfərov ölkə mediasında guya həlak olan 4 hərbçinin ölümü ilə bağlı Facebook sosial şəbəkəsində sərt açıqlama verib.
Azərbaycanın tanınmış hərbi jurnalisti Üzeyir Cəfərov bu gün ölkə mediasında guya həlak olan 4 Azərbaycan hərbçisinin ölümü ilə bağlı Facebook sosial şəbəkəsində sərt açıqlama verib.
ANS PRESS-in məlumatına görə, Üzeyir Cəfərov bu olayla bağlı öz fikirlərini belə bölüşüb.
"Əvvəla ötən gecə ermənilərin atəşkəsi pozması nəticəsində şəhid olduğu bildirilən və Azərbacan Silahlı Qüvvələrində xidmət etdikləri iddia edilən Fərid Əliyev (19 yaş), Cahangiz Muradov (19 yaş, manqa komandiri), Ramazan Abdullayev (23 yaş, leytenant) , Qurban Həsənov (24 yaş, leytenant) adlı şəxslərin həlak olduqları barəsində kütləvi informasiya vasitələrində yayılan məlumata çox üzüldüm. Bu xəbəri yayanlara ayıb olsun, deyirəm. Ona görə yox ki, siz xəbəri yaymısınız. Ona görə ki, orada adlar göstərilib və Allah göstərməsin, ordakı adlardan biri və ya hansısa üst-üstə düşsəydi. Fərq etməz, bu əsgərdir, ya da zabit. İndi bir anlığa təəssəvür edin ki, orada göstərilən adlar içərisində mənim oğlumun, qardaşımın, yaxud doğmamın adı var. Siz gözləriniz önünə o mənzərəni gətirə bilirsinizmi ki, bu dəhşətli xəbəri eşidən ata, ana, qardaş və ya bacı, o cümlədən kiminsə həyat yoldaşı olan xanım hansı hissləri keçirdə bilər? Mən istisna etmirəm ki, belə sarsıdıcı acı faciə ilə bağlı xəbərdən kimsə infarkt, iflic ola, hətta dünyasını belə dəyişə bilər. Boş yerə demirlər ki, güllə yarası sağalır, amma söz yarası sağalmır. Mən burdan mətbuatdakı dostlarımıza səslənirəm. Gəlin belə məsələlərdə bir qədər diqqətli olaq . Ən xırda ehtiyatsız söz belə, çox dəhşətli insan faciəsinə yol aça bilər", - deyə hərbi jurnalist belə yazıb.
DOSTLARINLA PAYLAŞ: