Uşaqbazı necə tanımalı
22 Sentyabr 2009 Çərşənbə Axşamı 13:35
Uşaqbazların 80 faizi özləri uşaqlıqda psixi sarsıntı və ya seksual zədə alıblar
Uşaqbazı necə tanımalı

Psixoterapevt Azad İsayev deyir ki, bu çox çətin, bəzən mümkün olmayan şeydir. Onların arasında öz uşaqları olan ailəli, ictimai həyatda fəal, sayılan və hörmət sahibi insanlar çoxdur. Daxillərindəki iyrənc ehtiras onların cəmiyyətdə əlverişli yer tutmalarına mane olmur. Uşaqbaz öz şikarını ələ keçirmək üçün onu uzun müddət izləyə bilər.
«Bir şey dəqiqdir ki, uşaqbazın hərəkətləri tam anlaqlıdır. Çox zaman zorlayan şəxs məhkəmədə hərəkətlərini tam dərk etdiyini etiraf edir» deyən A.İsayev hələ sovet illərində uşaqbazlıqla bağlı məhkəmə işləri ilə tanış olarkən uşağını zorlayan manyakın öz əməlini «Onsuz da başqasına qismət olacaqdı, niyə özüm etməyim ki?» deməklə özünə bəraət qazandırdığı bir neçə dəhşətli faktı xatırlayır.

A.İsayev uşaqbazın hərəkət strategiyasını belə təsvir edir: küçədə valideynlərinin yanında gördüyü uşağı ələ keçirmək üçün uşaqbaz onu aylarla pusub ifşa olunmaq riski minimuma enəndə qurbanını dərhal ələ keçirir. Adətən, uşaqbaz bütün hərəkətlərini nəzarətdə saxlamağa qadirdir, sadəcə, iradəsinə hakim kəsilə bilmir. Uşaqbazlığı psixi patologiya kimi qəbul etməyin lazım olduğunu vurğulasa da, A.İsayev əlavə edir ki, «bu adamlar ağılları başlarında olan, sadəcə, uşaqla intim əlaqədən və ya bu fantaziyadan həzz alanlardır. «Klassik uşaqbaz üçün uşağın cinsiyyəti vacib deyil; oğlan, ya da qızlığından asılı olmayaraq ona uşaq lazımdır. Bəzi uşaqbazlara isə qurbanının qorxusu xüsusi ləzzət verir. Bu isə artıq psixoloji pozğunluq əlamətidir».

Uşaqbazların qurbanlarının, təxminən, 75 faizi 8 yaşına qədər olan qızlar, qalanları oğlan uşaqlarıdır. Azyaşlı uşaqlara qarşı cinsi təcavüz və ya sadəcə, uşaqla yüngül «eşqbazlıq» edənlərin yad adamlar olması haqqında yayılmış rəylərə baxmayaraq, üstü açılan uşaqbazlıq hallarının yalnız 10 faizində kənar adamların iştirakı qeydə alınıb.

Qadın Krizis Mərkəzinin direktoru Mətanət Əzizova 2004-cü ildən bəri təşkilata daxil olan zənglərin böyük əksəriyyətində uşaqbazlıq hərəkətlərinin ailədaxili və ailəyə yaxın adamlar tərəfindən edildiyini bildirir.
«Bu çox ağır ittiham kimi səslənsə də, belədir. Bir yandan biz insanlarda öz yaxınlarına qarşı əsassız şübhələrin yaranmasından ehtiyatlanmalı, digər tərəfdən, valideynləri daha diqqətli olmağa çağırmalıyıq».
M.Əzizova deyir ki, ailədəki uşağa meyillənməyin səbəblərini ifşa olunmaq riskinin daha az olması, adətən, belə hallarda evdəkilərin rüsvayçılıq qorxusundan susmalarına arxayınlıqda axtarmaq lazımdır.
Qərb psixoloqları uzun araşdırmalardan sonra, uşaqbazları üç yaş qrupuna bölüblər - 50 yaşından sonra, 35-40 yaş arası və yeniyetmələr. Məlum olub ki, uşaqbazların 80 faizi özləri uşaqlıqda psixi sarsıntı və ya seksual zədə alıblar. Uşaqlıqda zorakılığa məruz qalanların böyüyərkən nəyə görə başqalarına eyni zərbəni vurmaq istəyinin səbəbini psixoloqlar tam aydınlaşdıra bilməsələr də, bəzən bunu özünütəsdiq və qisas almaq kimi qəbul etməyi tövsiyə edirlər.

Ümumdünya Səhiyyə Təşkilatı xəstəliklərin təsnifatını apararkən, 1965-ci ildə uşaqbazlığı pozğunluq, 1973-cü ildə psixi patologiya və nəhayət, iyirmi ildən sonra seksual orientasiyanın pozğunluğu kimi qeydə aldılar.

Ümumiyyətlə, uşaqbazların psixi xəstə, yaxud əsl əclaf olmaları haqqında mübahisələr geniş xarakter almayıb və hər kəs uşaqbazlara amansız cəzanın verilməsinin tərəfdarıdır.

Onu bağışlamaq? Olmaz!

Uşaqbazlıq problemini yaxından izləyən psixoloqların və yerli uşaq təşkilatlarının fikrincə, uşaqbazlıqla mübarizə iki məsələni həll etməlidir - uşaqları həmin cinayətkarlardan qorumaq və hələ üzə çıxmamış cinayətkarları qorxutmaq. Azərbaycan Cinayət Məcəlləsi uşaqbazlığa görə 8 ildən 14 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur. Uşaqbazlıqla mübarizə aparan bəzi Avropa ölkələrində isə azyaşlıları cinsi təhrikə və zorlamaya görə cinayətkara ən yaxşı halda ömürlük, ən pis halda isə axtalanma cəzası verilir.

Hazırda Rusiyada azyaşlı uşaqlara qarşı cinsi zorakılıq hallarının artmasının səbəbini Rusiya ictimaiyyəti uşaqbazlara qarşı humanist münasibətlə izah edirlər. Məhz buna görə ilin əvvəlindən Rusiyanın Dövlət Dumasında uşaqbazların kimyəvi axtalanamasını reallaşdıracaq qanun layihəsi müzakirəyə çıxarılıb.
Kimyəvi axtalanmada cinayətkarın qanına kişi hormonu olan testestoronun miqdarını sıfıra endirən inyeksiyanın yeridilməsi nəzərdə tutulur. Bu əməliyyatdan sonra azadlığa çıxsa belə, uşaqbazı cinayətkarlığa sürükləyən əvvəlki «vərdiş» tamamilə aradan qalxır.

ABŞ-ın bəzi ştatlarında uşaqbazlara kimyəvi axtalanma cəzası çoxdan verilir. Hətta cərrahi axtalanma da var, amma bu əməliyyat cinayətkarın şəxsi razılığı əsasında həyata keçirilə bilər. Almaniyada isə kimyəvi axtalanmaya ildə 6 nəfər uşaqbaz məruz qalır. Fransada da uşaqbazlar bu cür cəzalandırılırlar. Amma hakimiyyətə gələndən sonra Fransa prezidenti Nikolya Sarkozi cəzanı bir az da sərtləşdirməyi təklif edib - «ya bu əclaflar ömürlərinin sonuna kimi həbsxanada qalmalı, ya da azadlığa çıxmamışdan əvvəl mütləq axtalanmalıdırlar».

İnternetdə uşaq pornoqrafiyası və ya uşaqbazların virtual cəmiyyəti

Qadın Krizis Mərkəzinin direktoru uşaqbazlığın artmasında İnternet və mobil telefonlara yayılmış uşaq pornoqrafiyasının böyük təsirini də istisna etmir. «Məncə, dünya ölkələri uşaqbazlıqla mübarizədə bu iyrənc «vərdişə» tutulanların təbliğ etdiyi uşaq pornosaytlarının məhv edilməsinin texniki tərəflərini düşünüb tapmalıdırlar. Çünki belə saytlar uşaqbazlığa meyli olmayanlar üçün də potensial təhlükədir».

ABŞ-ın Ədliyyə Nazirliyindəki uşaq istismarına qarşı şöbə İnternetdə uşaq pornoqrafiyasını anonim şəkildə yayan qlobal uşaqbazlar birliyinin getdikcə mütəşəkkiləşdiyini müşahidə edib - onlar foto və videoya uşaq pornoqrafiyası çəkir, onu şəbəkədə bir-birinə ötürür, həmçinin, «eşqbazlıq» üçün yeni qurbanlarının ünvanlarını paylaşırlar. İnterpolun məlumatına görə, İnternetdə 100-dən yuxarı uşaq pornoqrafiyası saytları var. İnsan alveri və fahişəlik kimi uşaq pornoqrafiyası da gəlirli biznes sayılır və İnterpolun hesablamalarına görə, kibermafiya uşaq pornobiznesindən ildə 3 milyard dollar əldə edir.
İnternetdə uşaq pornoqrafiyasının marketinqi pulsuz reklam üzərində qurulub - uşaqbazlığa meyilli şəxs əvvəlcə saytdakı pulsuz pornosayta çıxışla şirnikləndirilir, sonra isə daha iyrənc təsvirlər olan pullu saytları almağa həvəslənir. Amerikada pornosaytlarla könüllü mübarizəyə qoşulan internet-provayderlər var. İnternetdəki kibercinayətkarlıqla mübarizə aparmaq üçün ABŞ-ın hüquq mühafizə orqanları şəbəkəni 24 saatlıq beynəlxalq mühafizəyə götürərək, kibercinayətkarlıq haqqında konvensiyaya qoşulmuş ölkələrlə - Avstraliya, Böyük Britaniya və Kanada ilə birlikdə İnternetdə növbə çəkirlər. Fasiləsiz iş rejimi nəticəsində şəbəkədə uşaq pornoqrafiyasını yayan cəmiyyətin 12 üzvü həbs edilib, uşaqlar üzərində cinsi zorakılıq təsvirləri olan 400-dən çox videoçarx müsadirə olunub.

Azərbaycanın daxili işlər və milli təhlükəsizlik nazirlikləri də İnternetdəki uşaq pornoqrafiyası resurslarının qarşısını almaq üçün mübarizə aparırlar. Bundan əlavə, Azərbaycanda mobil telefonlara pornoqrafiyanın yayılması və pornokasetlərin satışı qanunla qadağan edilib.

Ehtiyat uşağın yaraşığıdır!

Əvvəllər yatmaq istəməyən uşağı xortdanla qorxudardılar. Bütün uşaqlar xortdanı qorxunc gözləri, iri əlləri, saqqallı üzü, buynuzu və xırıltılı səsi ilə bəlkə də eyni sifətdə təsvir edərdilər. İndi uşağa başa salmaq lazımdır ki, əsl xortdan qulağının dibində səliqəli, gülərüz, onun saçlarını sığallayan, hərdən nəzakətlə konfet təklif edən dayılar, əmilər və hətta babalar ola bilərlər.

Uşağa başa salmaq lazımdır ki, ona harasa getməyi, dondurma və ya saqqız təklif edən böyüklərə «yox» demək haqqı var. Uşağa başa salmaq lazımdır ki, onun bədəni yalnız özünə məxsusdur. Nəhayət, uşağa başa salmaq lazımdır ki, böyüklərin onlara qarşı qeyri-sağlam münasibətində onların günahı yoxdur və belə dayı və əmilərə qarşı öz balaca boyları ilə də müqavimət göstərə bilərlər - kimisə köməyə çağırmaq, açıq etiraz etmək və ən azı «anama deyərəm» kimi hədələrlə.
Böyklərə isə başa salmaq lazımdır ki, ailə bağlarının möhkəm olduğu, harmoniya və sevgidolu ailələrdən heç vaxt uşaqbaz çıxmır… ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar