Ukrayna prezidenti bir neçə saatlığa Azərbaycana gəlib .
13 Dekabr 2012 Cümə Axşamı 01:27
Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşən Viktor Yanukoviç dərhal ölkəsinə qayıdıb.
Ötən gün axşam saatlarında Ukrayna Prezidenti Viktor Yanukoviç Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Ukrayna Prezidenti Viktor Yanukoviçi hava limanında Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Şahin Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.

XXX

Azərbaycan və Ukrayna prezidentləri arasında görüş olub

Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin görüşü olub.

Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Viktor Yanukoviçi qarşılayıb.

Dövlətimizin başçısı İlham Əliyev deyib:

- Hörmətli Viktor Fyodoroviç, Azərbaycana xoş gəlmisiniz. Sizi yenidən görməyimə çox şadam. Səfəriniz qısamüddətli olmasına baxmayaraq ümidvaram ki, bir çox məsələləri ətraflı müzakirə edə biləcəyik.

Biz dəfələrlə ikitərəfli münasibətlərimizi müzakirə etmişik. Həm də çox şadam ki, irəliyə doğru tərəqqi görünür. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə irəliləyiş göz qabağındadır.

Biz istiqaməti uzunmüddətli və çoxşaxəli əməkdaşlığa yönəltmişik və əminəm ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri uğurla davam edəcək. Bir daha xoş gəlmisiniz.

Ukrayna prezidenti Viktor Yanukoviç bu səfərin ikitərəfli münasibətlərin daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan olduğunu vurğulayıb. Ukrayna dövlətinin başçısı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə ehtiramını bildirərək deyib:

- Mən, həmçinin bu gün Ukraynanın yaxın dostu olan Heydər Əliyevin nurlu xatirəsini yad edənlərə qoşulmaq istəyirəm. Siz bu ənənəni ləyaqətlə davam etdirirsiniz.

Azərbaycanın əldə etdiyi uğurlardan da danışan Ukrayna Prezidenti deyib:

- Biz həmişə dostlarımızın uğurlarına sevinirik və mən bilirəm ki, Siz də Ukraynaya eyni səmimi münasibət bəsləyirsiniz. Düşünürəm ki, bizim birlikdə ürəkdən, dostcasına müzakirəyə çıxarılmalı ənənəvi məsələlərimiz var. Əlbəttə, mən çox şadam ki, Azərbaycan birinci Avropa Olimpiya Oyunlarını keçirən ölkə olacaq.

XXX

Ukrayna Prezidenti Viktor Yanukoviçin Azərbaycana işgüzar səfəri başa çatıb. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Ukrayna Prezidenti Viktor Yanukoviçi hava limanında Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Şahin Mustafayev və digər rəsmi şəxslər yola salıblar.





DOSTLARINLA PAYLAŞ:

oyunlar