Uğursuz cəhdləri davam etdirmək Ermənistanın ziyanına işləyə bilər
20 İyul 2010 Çərşənbə Axşamı 16:45
Eldar Sabiroğlu Seyran Ohanyanın “İnterfaks” agentliyinə verdiyi müsahibəni şərh edib
Azərbaycan Respublikası Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu Seyran Ohanyanın “İnterfaks” agentliyinə verdiyi müsahibəni şərh edib.
“Əvvəlcə onu qeyd edim ki, müsahibədəki sualların qoyuluşu erməni naziri məmnun etməyə bilməzdi. Etiraf etmək lazımdır ki, cox isti bir münasibətlə verilmiş suallardı. Bu, agentliyin öz işidir. Biz bu özəlliyin dərinliyinə varmaq istəmirik. Mahiyyətə gəldikdə isə nazir Seyran Ohanyanın regiondakı vəziyyətə, Ermənistan, Azərbaycan - Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yanaşmaları məni heyrətləndirmədi. Eyni şeylər onun dilindən dəfələrlə səsləndirilib. Bircə fərq ondan ibarətdir ki, erməni nazir bu dəfə Rusiyanın və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistana verdiyi güvəncəni daha açıq və daha yuxarı tonda ifadə edib. Bununla o, belə demək mümkünsə, qazanın ağzını əməlli - başlı acıb”, - deyə Eldar Sabiroğlu bildirib.
Şərhdə bildirilir ki, bütün bunlara rəğmən deməliyik ki, Cənubi Qafqazda sakitliyin bərqərar olması ücün Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli təkzibedilməz faktdır.
Eldar Sabiroğlunun sözlərinə görə, bunun başqa yolu yoxdur: “İşğalın aradan qaldırılması vəziyyəti nə qədər yubanacaqsa, bölgədə vəziyyət də bir o qədər mürəkkəb şəkil alacaq. S. Ohanyan hər şeydən danışır, nədənsə münaqişənin həlli ücün Madrid prinsiplərini dilinə gətirmir. Səbəbi bəllidir. İşğalçı siyasət Ermənistanın hakim dairələrinin şüurundan silinib getməyincə, münaqişənin həllində sülh variantı arxa planda dayanacaq. Seyran Ohanyan bu müsahibəsində də, Azərbaycanın müdafiə büdcəsinin 2 milyard dollara catdırıldığını böyük narahatlıqla vurğulamaqla yanaşı, Azərbaycanı militarist siyasətdə günahlandırır. Adi məntiq belə bu iddianı büsbütün rədd edir. Ona görə ki, Azərbaycan kimsənin bir qarış torpağını, o cümlədən də Ermənistanın ərazisini işğal etməyib. İşğal olunan Azərbaycan torpaqlarıdır. Öz torpaqlarını işğaldan azad etmək ücün hansısa məqbul yolu seçmək Azərbaycanın suveren hüququdur. Ermənistan 20 ildir ki, təcavüzü davam etdirir. Bir milyondan cox azərbaycanlının yurd - yuvası bu işğal nəticəsində darmadağın edilib. Saysız - hesabsız maddi mədəniyyət abidələri, qəbiristanlıqlar yerlə - yeksan olub. Bunu bütün dünya bilir. BMT-nin Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi, Avropa İttifaqının və Avropa Şurasının Ermənistanın işğalcı siyasətini hədəfə alan qətnamələri bu gün hansı dövlətin təcavüzkar olduğunu və məkrli siyasət yürütdüyünü aydın şəkildə sübut edir. Əlbəttə ki, erməni nazir bunlardan danışa bilməz. Ona görə ki, bu haqsız siyasətdə, tökülən qanlarda, Xocalı qətliamında onun rolu az olmayıb. Görünür, bunlar ona azlıq edir. Ona görə də, yenə eyni davranışı nümayiş etdirir”, - deyə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri bildirib.
Eldar Sabiroğlunun sözlərinə görə, hər şey göz önündədir. O bildirib ki, Azərbaycanın ərazi bütövlüyündən kənarda Dağlıq Qarabağın həlli məsələsi qeyri mümkündür.
“Bunu Azərbaycan prezidenti cənab İlham Əliyev bir daha acıq şəkildə bəyan etdi. Beynəlxalq hüquq da bunu inkar etmir. Erməni nazir yaxşı bilməlidir ki, Dağlıq Qarabağı müstəqil qurum kimi heç bir beynəlxalq təşkilat və dövlət tanımayacaq. Bu, absurddur. Uğursuz cəhdləri davam etdirmək yalnız Ermənistanın ziyanına işləyə bilər”, deyə o yekunlaşdırıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: