Tüstü qatı Moskvada 50 aviareysin təxirə salınmasına səbəb olub
08 Avqust 2010 Bazar 13:15
Bakı-Moskva və Moskva-Bakı təyyarə reysləri isə bərpa olunub.
Rusiyada isti hava şəraitinin səbəb olduğu meşə yanğınları da hələ davam edir. Vəziyyətin xüsusilə gərgin olduğu Moskva vilayətində dünəndən etibarən torf yanğınlarını söndürmək əməliyyatları 24 saatlıq rejimə keçirilib. Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hazırda 853 yanğın ocağı hələ də fəaldır, onlardan 32-si torf yanğınıdır. Voronej vilayəti ilə sərhəd olan Kursk vilayətində də meşə yanğınları başlayıb. Burada yanğınlar 50 hektara yaxın ərazini əhatə edib. Hazırda ərazidə 8 yanğınsöndürən maşın işləyir, əlavə qüvvələr cəlb edilib. Son sutka ərzində isə Rusiya regionlarındə 28 yeni yanğın qeydə alınıb. Onların əksəriyyətini dərhal söndürmək mümkün olub. Hazırda Voronej, Moskva, Nijeqorod, Tambov, Pskov vilayətlərində yanğınsöndürmə işlərinə yerli sakinlər və könüllülər kömək edir.

Qeyd edək ki, tüstü qatı Moskvada 50 aviareysin təxirə salınmasına da səbəb olub. Rusiyadakı yanğınlardan sonra paytaxt Moskva üzərində yaranmış tüstü qatı ilə əlaqədar olaraq hava limanlarının işində yaranmış çətinlik səbəbindən təxirə salınan Bakı-Moskva və Moskva-Bakı təyyarə reysləri bərpa olunub. AZAL-ın xidmət rəisi Məhərrəm Səfərlinin ANS-ə verdiyi məlumata görə, digər reyslərin də cədvələ uyğun həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, Moskva aeroportlarında, o cümlədən Bakıdan reyslərin əsas hissəsini qəbul edən “Domodedovo” hava limanında mürəkkəb vəziyyət yaranmışdı. Rusiya Federal Hava Nəqliyyatı Agentliyindən verilən məlumata görə, tüstü qatı yavaş-yavaş çəkilməkdədir. Artıq görmə məsafəsi 600 metrə çatır. Ümumilikdə isə Moskvanın 3 aeroportunda 50-yə yaxın reys təxirə salınıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar