Türkmənistan XİN-dən Elmar Məmmədyarova cavab gəldi
10 İyul 2012 Çərşənbə Axşamı 16:54
Türkmənistan tərəfi Azərbaycan xarici işlər nazirinin fikirlərindən təəccübləndiyini bildirir.
Türkmənistan Xarici İşlər Nazirliyi Azərbaycan xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarovun Türkmənistanın “Kəpəz” (“Sərdar”) yatağı ilə bağlı mübahisənin beynəlxalq arbitraj instansiyalarında baxılması üçün rəsmi olaraq Azərbaycan tərəfinə müraciət etməməsi bəyanatı ilə əlaqədar məlumat yayıb.

Türkmənistanın Azərbaycandakı səfirliyindən ANS PRESS-ə verilən verilən məlumata görə, bu ölkənin Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Azərbaycanın Xəzər dənizində qanunsuz birtərəfli fəaliyyəti ilə bağlı bu ölkəyə dəfələrlə rəsmi diplomatik notalar göndərilib (Söhbət “Ömər” və “Osman” yataqlarında gerçəkləşdirilən qanunsuz hasilat və “Sərdar” yatağına qarşı hüquqi əsası olmayan tələblərdən gedir).

“Türkmənistan tərəfi rəsmi xəbərdarlıq məktublarında yuxarıda qeyd olunan məsələ ilə bağlı danışıqlar prosesini davam etdirməyə hazır olduğunu bəyan edib və qeyd edib ki, ikitərəfli razılaşmaların əldə olunduğu mümkün olmayacağı təqdirdə Türkmənistan beynəlxalq məhkəmələrə və arbitraj instansiyalarına müraciət etmək hüququnu özündə saxlayır. Bundan başqa, 2009-cu il avqustun 4-də Türkmənistan Xarici İşlər Nazirliyi Xəzərin səthinin və dibinin delimitasiyası məsələlərinə dair ölkəsinin rəsmi mövqeyini dərc edib və orada beynəlxalq məhkəməyə müraciət etməyin məqsədəuyğunluğu qeyd olunub. Bunları qeyd edərək Türkmənistan tərəfi Azərbaycan xarici işlər nazirinin fikirlərindən təəccübləndiyini bildirir”, - deyə məlumatda vurğulanır.

Xatırladaq ki, Elmar Məmmədyarov dünən keçirilən mətbuat konfransında jurnalistlərin sualına cavab olaraq bildirib ki, Türkmənistan tərəfi “Kəpəz” yatağı ilə bağlı beynəlxalq məhkəməyə müraciət edəcəyi barədə Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət etməyib. XİN başçısı Xəzərin hüquqi statusu ilə bağlı danışıqların davam etdiyini qeyd edib: “Danışıqlar gedir, bütün məsələlər üç tərəflə razılaşdırılıb, düşünürəm ki, eyni mexanizmlərdən istifadə etməklə biz bu məsələləri Türkmənistan və İranla da razılaşdıra biləcəyik”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar