Türkmənistan Kəpəz yatağına görə Azərbaycanı beynəlxalq məhkəməyə verəcəyini açıqlayıb
30 İyun 2012 Şənbə 13:48
Azərbaycanın bir sıra rəsmi şəxslərinin, o cümlədən sənaye və energetika naziri Natiq Əliyevin Xəzərdəki “Kəpəz” (“Sərdar”) yatağında Türkmənistan tərəfindən aparılan işlərlə bağlı açıqlamaları Azərbaycan tərəfinin birtərəfli mövqeyinin göstəricisidir və məsələ ilə bağlı gerçək vəziyyəti əks etdirmir.
APA-nın məlumatına görə, bunu Türkmənistan Dövlət İnformasiya Agentliyinə açıqlamasında bu ölkənin neft-qaz sənayesi və mineral ehtiyatlar naziri vəzifəsini icra edən Kakagəldi Abdıllayev deyib.
Onun sözlərinə görə, 2008-ci ildə Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədovun Azərbaycana rəsmi səfəri zamanı tərəflər arasında heç bir saziş imzalanmayıb: “Eyni zamanda mübahisəli məsələnin həlli üçün Türkmənistan tərəfi konkret təkliflər irəli sürdü. Təəssüf ki, bu təşəbbüslərə Azərbaycan tərəfi qarşılıq vermədi”.
Nazir qeyd edib ki, Türkmənistan dəfələrlə Azərbaycana müraciət edərək, Xəzər dənizinin yurisdiksiyası hələ müəyyənləşdirilməyən zonalarında - “Ömər” və “Osman” yataqlarında işləri dayandırmağı tələb edib: “ABƏŞ konsorsiumu, ARDNŞ, BP, “Chevron”, “Exxon Mobile”, “Hess”, “İnpex”, “Itochu”, “Statoil” və TPAO şirkətləri tərəfindən Xəzərin hüquqi statusu müəyyənləşdirilməyən zonalarında aparılan işlər beynəlxalq hüquq normalarına ziddir.
Yaranmış vəziyyətdə Türkmənistanın BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət etməkdən başqa yolu qalmır”.
Türkmənistan tərəfi iddia edir ki, beynəlxalq dəniz hüququnun prinsip və normaları ilə müəyyənləşdirilən və Azərbaycan tərəfinin etiraz etdiyi orta xətt meridian yaxınlığında 51 dərəcə 10 dəqiqə şərq uzunluğundan keçir: “Buna əsasən “Sərdar” yatağı tamamilə Xəzərin Türkmənistan sektorunda yerləşir. Ona görə də Azərbaycan KİV-də qaldırılan səs-küy Türkmənistanla Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət etmir. Türkmənistan tərəfi bundan təəssüf hissi keçirir”.
DOSTLARINLA PAYLAŞ: