Türkiyəyə cəmi 9 il lazımdır
25 Yanvar 2010 Bazar Ertəsi 21:05
G7 ölkələri dünya səhnəsindən sıxışdırılacaq
Dünya maliyyə böhranı fəsadları ilə yanaşı bəzi müsbət məqamlarla yadda qaldı. Doğrudur, bu məqamların müsbət kimi dəyərləndirilməsi olduqca subyektiv yanaşmadır. Lakin istənilən halda maliyyə böhranı bəzi dövlətlərin xeyrinə oldu və bu, danılmazdır. Maraqlısı odur ki, onlardan biri Türkiyədir. Ərdoğan hökumətinin yaranmış vəziyyətdən maksimum yararlanması Türkiyənin geosiyasi oyunlardan daha güclü mövqelər qazanmaq üçün imkan verdi. Odur ki, Türkiyə həm Yaxın Şərq, həm Cənubi Qafqaz bölgəsində nüfuzunu xeyli artıra bildi.

Lakin uğur siyasi müstəvi ilə bitmədi. Türkiyənin geosiyasi proseslərdəki nailiyyətləri həmçinin iqtisadi baxımdan dividendlər gətirmiş oldu. Təsadüfi deyil ki, dünyanın aparıcı analitikləri Türkiyənin dünya iqtisadiyyatındakı rolunun artdığını önə çəkir. Bu günlərdə Londonda dünyanın aparıcı audit və konsaltinq şirkəti sayılan "PricewaterhouseCoopers"in hesabatı açıqlanıb. Dünya iqtisadiyyatı perspektivlərinin yer aldığı hesabata inansaq, yaxın illərdə dünya iqtisadiyyatında geosiyasi inqilab olacaq.

Bu isə o deməkdir ki, yaxın perspektivdə Qərbin inkişaf etmiş ölkələri "səhnə"dən getməli olacaq. Daha konkret desək, ABŞ, Yaponiya, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və Kanadanın daxil olduğu G7-yə ehtiyac qalmayacaq. Maliyyə böhranından ən çox əziyyət çəkmiş G7 ölkələri artıq duruş gətirmək gücündə deyil. Onların yerini isə yeni E7 qrupu tutacaq. Bu qrupa Çin, Rusiya, Hindistan, Braziliya, Meksika, İndoneziya və Türkiyə daxil olacaq. Adıçəkilən ölkələr "döyüş meydanı"na yeni güc, yeni ideya və yeni bazarlarla gələcək.

"PricewaterhouseCoopers" təşkilatının analitikləri hesab edir ki, 2019-cu ilə E7 ÜDM göstəricilərinə görə G7-yə çatacaq. 2030-cü ildə isə yeni oyunçular "köhnələri" arxada qoyacaq. Belə ki, bu vaxta kimi E7-nin ÜDM göstəricisi G7-nin göstəricisindən 30 faiz artıq olacaq. Mütəxəssislərin fikrincə, 2030-cu ildə iqtisadi güc reytinqində ilk yeri Çin tutacaq. Onun ardınca reytinqdə müvafiq olaraq ABŞ, Hindistan, Braziliya, Rusiya, Almaniya, Meksika, Fransa və Böyük Britaniya yer alacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar