Türkiyənin əmək naziri Faruk Çelik Fəxri Xiyaban və Şəhidlər Xiyabanında olub
12 İyul 2012 Cümə Axşamı 12:30
Faruk Çelik Bakı uğrunda döyüşlərdə şəhid olmuş türk əsgərlərinin abidəsini də ziyarət edib.
Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Faruk Çelikin başçılıq etdiyi nümayəndə heyəti iyulun 12-də Fəxri xiyabana gələrək mərhum prezident Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.
ANS PRESS "AzərTac"a istinadən bildirir ki, sonra Şəhidlər xiyabanına gələn türkiyəli qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər düzmüş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Nümayəndə heyəti Şəhidlər xiyabanında 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyublar, onların adları və soyadları həkk olunmuş Şəhidlik kitabəsinin üzərinə gül dəstələri düzüblər.
DOSTLARINLA PAYLAŞ: