Türkiyə XİN: "Qərar avqustun sonunda veriləcək"
23 Avqust 2010 Bazar Ertəsi 22:05
NATO təlimləri zamanı Türkiyə-Ermənistan sərhədinin açılması məsələsi hələ də müzakirə predmeti olaraq qalır
NATO-nun Ermənistanda keçirəcəyi təlimlər zamanı Türkiyə-Ermənistan sərhədinin açılması məsələsi hələ də müzakirə predmeti olaraq qalır. Türkiyənin Xarici İşlər Nazirliyindən ANS-ə bildirilib ki, məsələ ilə bağlı qərar bu ayın sonuda qəbul ediləcək. “NATO-nun Ermənistanda sentyabrın 11-17-si arasıda keçirməyi nəzərdə tutduğu təlim zamanı Türkiyə-Ermənistan sərhədləri qısamüddətli də olsa açılmayacaq” deyən Türkiyə dövlət naziri Cevdet Yılmaz Qarsa səfəri zamanı bir daha bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi nizamlanmasa, bu addımın atılması mümkünsüzdür.

“Əlbəttə ki, biz bütün qonşularımızla sülh və dostluq şəraitində yaşamaq istəyirik və heç kəs də sərhədlərin açılmasının əleyhinə deyil. Sərhədlərin açılması həm bizim, həm də Ermənistanın marağındadır. Ancaq nəzərə alın ki, Azərbaycanla Ermənistan arasında münaqişə və problem mövcuddur ki, bu da sərhədlərin açılmasını mümkünsüz edir. Biz ümid edirik ki, nə vaxtsa sərhəd açılacaq və bizim azərbaycanlı qardaşlarımız da daxil olmaqla, regionda hər kəs sülh və razılıq əsasında yaşayacaq. Amma bunun üçün bizim Ermənistandan gözlədiyimiz addımlar atılmalıdır”,- deyə nazir bildirib.

Qeyd edək ki, NATO təlimlərində Türkiyə də iştirak edəcək. Artıq Türkiyə tərəfdən təlimlərə qatılacaq nümayəndə heyətinin tərkibi də müəyyənləşib. Bu təlimlərin keçirilməsi ilə bağlı qərarın NATO-ya üzv ölkələrin yekdil razılığı əsasında verildiyi bildirilir. “Ermənistan-2010” adı altında olan humanitar hərbi təlim Avro-Atlantika Əməkdaşlıq Şurasının himayəsi altında keçiriləcək. Ssenariyə əsasən, belə bir səhnə yaradılır ki, Ermənistanda güclü zəlzələdən sonra infrastruktur tamamilə dağılıb və ətraf mühit təhlükəli sənaye tullantıları ilə çirklənib. Təlimlərdə ilk növbədə məqsəd təbiət kataklizmləri hallarında humanitar yardımı təmin etmək, NATO ölkələri ilə Əməkdaşlıq Şurası arasında sənaye çirklənməsi hallarının aradan qaldırılması ilə bağlı əməkdaşlığı gücləndirməkdir. Məsələn, Türkiyənin sərhədinə yaxın Armavir vilayətində Metsamor Atom Elektrik Stansiyası fəaliyyət göstərir. Çox köhnəlmiş bu obyekt özü-özlüyündə təbiət kataklizmləri zamanı təhlükə mənbəyinə çevrilir.

Təlim zamanı ilk mərhələdə Lori vilayəti əhalisinin fövqəladə vəziyyətdə evakuasiyası və NATO qüvvələrinin bu ərazilərə Gürcüstan ərazisindən girişi nəzərdə tutulub. Dəniz yolu ilə humanitar yardımı Gürcüstandan savayı Türkiyə də öz üzərinə götürüb. Rəsmi Ankara məhz bununla bağlı da Ermənistana avtomobil yolları və nəzarət keçid məntəqələrinin vəziyyəti ilə bağlı sorğu göndərib.

Erməni kütləvi informasiya vasitələri diplomatik mənbələrə istinadən yazır ki, sərhədlərin müvəqqəti açılması buradan humanitar məqsədlə hərbi kolonların keçidini nəzərdə tutur və həmin müddətdə Ermənistanla Türkiyə arasında sərhədlər açıq olmalıdır. Bəzi mənbələrin sərhədlərin açılmasının məhz təlimlərdə istifadə olunacaq texnikanın keçidi üçün zəruri hesab olunması ilə bağlı məlumatlar yaymasına baxmayaraq, Azərbaycanın NATO-dakı nümayəndəliyi məlumat verir ki, təlimin ssenarisində region dövlətlərindən ora hansısa avadanlıqların gətirilməsinə rast gəlinməyib.

Qeyd edək ki, NATO təlimləri sentyabrın 11-17-də Ermənistanın Kotayk vilayətində keçiriləcək. Təlimlərdə 60-a yaxın ölkədən 1000-1200 insan iştirak edəcək. O da bildirilir ki, NATO təlimlərinə Ermənistanın ehtiyat fondundan 101,3 miliyon dram, yəni 276 min dollar pul ayrılacaq. Təlimlərdən sonra isə NATO bu məbləğin yarısını Ermənistana geri qaytaracaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar