Türkiyə səfiri İrəvan-Van aviareysindən danışdı
14 Mart 2013 Cümə Axşamı 17:00
Bu reysin açılmasını Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyində dəyişiklik kimi qiymətləndirmək düzgün deyil.
“Azərbaycan mediası və ictimaiyyəti Türkiyənin Dağlıq Qarabağ münaqişəsi və Ermənistanla bağlı mövqeyini çox yaxşı bilir. Buna baxmayaraq, Türkiyənin Azərbaycandakı səfirləri bununla əlaqədar öz mövqelərini vaxtaşırı bəyan edirlər. Türkiyənin prezidenti, baş naziri, parlament sədri, digər məsul şəxslər məsələ ilə bağlı mövqelərini tam şəkildə açıqlayırlar. İrəvandan Türkiyəyə həyata keçirilən aviareyslər isə özəl şirkətlərin reallaşdırdığı bir işdir. Mətbuatdan da bəlli olduğu kimi, bu aviareyslər ticarət məqsədlidir. Türkiyədə özəl şirkətlərin belə işlər həyata keçirməsində heç bir problem olmur”. APA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun İrəvan-Van aviareysinin açılması barədə Azərbaycan mətbuatında dərc olunan məlumatlara münasibət bildirərkən deyib.

Səfir bildirib ki, ticarət məqsədli aviareyslərə görə Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyində hər hansı dəyişiklik olmasına dair açıqlamaların ortaya çıxması düzgün deyil: “Dünyada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini Türkiyə qədər dəstəkləyən, Ermənistanla sərhədini bağlı saxlayan ikinci ölkə yoxdur. Mən xahiş edirəm ki, mətbuat belə hallarla yanaşı, Türkiyənin müsbət addımlarını da qabartsın, ictimaiyyəti yanlış istiqamətə yönəldilməsin. Həyəcan yaradacaq kiçik bir məqam belə yoxdur. Türkiyənin Qarabağ problemi, Ermənistana münasibəti birmənalı olaraq dəyişilməz qalır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar