Türkiyə prezidentinin Azərbaycana rəsmi səfəri başlayıb
16 Avqust 2010 Bazar Ertəsi 15:50
Türkiyə prezidenti Abdulla Gülü hava limanında dövlət rəsmiləri qarşılayıb.
Bu gün Türkiyə prezidenti Abdulla Gül Azərbaycana rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Türkiyə prezidenti Abdullah Gülü hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
Hava limanının ali qonaqlar üçün nəzərdə tutulan salonunda prezident Abdullah Gül və baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub.
Xatırladaq ki, iki günlük səfər zamanı o Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşlər keçirəcək. Türkiyə prezidentinin baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov və bütün Qafqazin Şeyxi Allahşükür Paşazadə ilə də bir araya gələcəyi gözlənilir. Görüşlərdə ikitərəfli aktual məsələlər, hər iki ölkəyə aidiyyati olan regional və qlobal proseslər hərtərəfli müzakirə olunacaq.
Iki gün Azərbaycanda olacaq Türkiyə prezidentinin Şəki rayonuna səfəri də nəzərdə tutulub.
Qeyd edəki ki, Abdulla Gül İstanbul hava limanında Azərbaycana səfərindən əvvəl mətbuat konfransı keçirib və səfəri ilə bağlı məlumat verib. Türkiyə prezidenti media mənsublarına bildirib ki, Azərbaycana səfəri zamanı iki qardaş ölkə arasında bir sıra məsələlər müzakirə olunacaq.
“Bütün görüşlərdə ölkəmizin Cənubi Qafqaz bölgəsində sülh, əməkdaşlıq və inkişaf tərəfdarı olduğunu bir daha qeyd edəcəyəm. O cümlədən Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğumuzu və bu istiqamətdə həmişə səylərimizi davam etdirəcəyimizi söyləyəcəyəm. Ancaq onu da qeyd edəcəyəm ki, Türkiyə Cənubi Qafqazda sülhə nail olunması istiqamətində bu günə kimi yürütdüyü siyasəti davam etdirməkdə qərarlıdır. Bu yöndə olan görüş və müzakirələrimizi bir daha Azərbaycan tərəfinə çatdıracağam. Bölgədə əsaslı sülhə nail olmaq üçün ciddi səylərə ehtiyac var. Türkiyə bu siyasəti bəzən gizli, bəzən açıq şəkildə sürdürür. Bu işlərimizi davam etdirəcəyik”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: