Türkiyə İsrailə müharibə elan etməyə hazırdır
25 Sentyabr 2011 Bazar 11:22
Ərdoğan: “Zərurət yaranarsa, biz bunu edəcəyik”.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İsrailin ünvanına yenə birbaşa təhdidlərlə çıxış edib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, o bildirib ki, “Mavi Mərmərə” gəmisində 9 fəalın öldürülməsi müharibə elan etmək üçün kifayət qədər əsasdır və gərək olarsa belə bir müharibə elan olunacaq.
“Doqquz nəfərin öldürülməsi faktiki olaraq müharibə üçün səbəbdir. Biz məsələni bu yöndən nəzərdən keçirmirik və böyük millət olaraq səbr nümayiş etdiririk”, - deyə Ərdoğan bildirib.
Türkiyə İsrailə mühabirə elan edəcəkmi sualına isə baş nazir belə cavab verib:
“Əgər zərurət yaranarsa, biz bunu edəcəyik. 2010-cu ildə biz böyüklük göstərərək başqa cür davranmaq qərarına gəldik. Lakin mənim üçün maraqlıdır, ABŞ beynəlxalq sularda 9 vətəndaşı öldürülsəydi özünü necə aparardı?”
Ərdoğan əmin edib ki, İsrail ilə münasibətlər normallaşa bilər. Onun sözlərinə görə, İsrail bunun üçün 3 şərti yerinə yetirməlidir:
“Reydə görə üzr istəməli, öldürülənlərin ailələrinə təzminat ödəməli və Qəzzanın mühasirəsini aradan qaldırmalıdır”.
Ərdoğan həmçinin bəyan edib ki, “İsrail Qərbin korlanmış və ərköyün uşağıdır”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: