Türkiyə hesab edir ki, Ermənistana təzyiq etmək növbəsi Rusiyaya çatıb
15 Yanvar 2010 Cümə 20:05
“2009-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların formatı əvvəlkilərdən daha yüksək səviyyədə olub”.
APA-nın xəbərinə görə, bunu Beynəlxalq Böhran Qrupunun Avropa proqramları direktoru Sabina Freyzer “Ermənistan-Türkiyə münasibətləri: Gözlər Ankaraya yönəlib” adlı məqaləsində yazıb. Ekspertin fikrincə, Türkiyə hökuməti hesab edir ki, Ermənistanın kompromisə getməsi və öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmağa başlaması üçün bu ölkəyə təzyiq etmək növbəsi Rusiyaya çatıb: “Lakin Moskva hətta Ermənistanı böyük kompromislərə təşviq etsə də, bu, baza prinsiplərinə əsaslanan hərtərəfli sənədin imzalanması üçün çətin ki, yetərli olsun. Ermənistan Konstitusiya Məhkəməsi Türkiyə ilə imzalanmış protokolları qanunvericiliyə uyğun saydıqdan sonra bütün gözlər Türkiyəyə yönəlib. Ancaq Türkiyənin ötən ilin oktyabrında sərhədlərin açılması, diplomatik əlaqələrin qurulması və ikitərəfli komissiyaların yaradılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə nə dərəcədə hazır olduğu şübhə altındadır. Türkiyə hesab edir ki, bunun səbəbi Ermənistanın Dağlıq Qarabağ münaqişəsini həllində yetərli güzəştlərə getməməsidir”.
S. Freyzerin sözlərinə görə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə Dağlıq Qarabağ münaqişəsi arasındakı bağlılıq protokollara daxil edilməsə də, baş nazir Ərdoğan şifahi bəyanatlarında bu bağlılığın olduğunu vurğulayır.
S. Freyzer qeyd edib ki, Türkiyə münaqişələrin həllinə dair yürütdüyü təşəbbüsə – Qafqaz sabitlik və əməkdaşlıq Platformasına böyük ümidlər bəsləyir, həmçinin bu təşəbbüs çərçivəsində yaxın aylarda yüksək səviyyəli görüşün keçirilməsi planlaşdırılır. Bununla belə, S. Freyzer hesab edir ki, bu təşəbbüs çətin ki, ATƏT-in 15 ildə problemin həllində nail ola bilmədiklərini bacarsın: “Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini əlaqələndirməkdə israr edən rəsmi Ankara hər iki istiqamətdə tərəqqiyə nail olunması üçün az iş görür”.
Freyzer bildirib ki, uzun illərdir mövcud olan və Cənubi Qafqazda gələcək sabitlik üçün mühüm əhəmiyyət kəsb edən problemləri həll etmək qabiliyyətinin olmaması ciddi regional siyasi oyunçu kimi Türkiyənin nüfuzuna kəskin mənfi təsir göstərə bilər. APA
DOSTLARINLA PAYLAŞ: