Türkiyə Azərbaycanın maraqlarına zidd olan addım atmır
21 Mart 2009 Şənbə 17:44
Türkiyə Azərbaycanın maraqlarına zidd olan heç bir addım atmır və bundan sonra da atmaz
Dünən Türkiyənin ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Çanaqqala müharibəsinin 94-cü ildönümünə həsr edilən anım mərasimi keçirildi. Mərasimdə Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç, səfirliyin hərbi attaşesi general-mayor Fahri Kır, türkiyəli iş adamları və QHT nümayəndələri iştirak edirdi. Mərasim iştirakçıları əvvəlcə paytaxtımızda türk əsgərinin xatirəsinə ucaldılan Abidə kompleksini və Şəhidlər xiyabanını ziyarət etdilər. Daha sonra səfir Hulusi Kılıç Çanaqqala müharibəsi barədə danışaraq bildirdi ki, düşmən üzərində qazanılan qələbədə türk əsgərləri ilə bərabər Azərbaycandan gəlmiş könüllülərin də böyük əməyi olub. Bu müharibə ilə türk əsgəri vətən sevgisinin və azadlığın nə olduğunu bütün dünyaya göstərdiyini deyən Hulusi Kılıç Çanaqqala qələbəsindən sonra dünyanın bir çox dövlətlərinin də azadlıq əldə etdiyini bildirdi. Türkiyənin ölkəmizdəki səfiri son zamanlar Türkiyə ilə Ermənistan arasında aparılan danışıqlara da toxunaraq bildirdi ki, Türkiyə Azərbaycanın maraqlarına zidd olan heç bir addım atmır və bundan sonra da atmaz. Mərasim daha sonra Türkiyənin ölkəmizdəki səfirliyində Çanaqqala müharibəsindən bəhs edən sənədli filmin nümayiş etdirilməsi ilə başa çatdı. Qeyd edək ki, Naxçıvan Dövlət Universitetində (NDU) də Çanaqqala şəhidlərinin xatirəsinə həsr edilən tədbir keçirildi. Tədbirdə Türkiyənin Naxçıvandakı Baş Konsulu Mehmet Bilir və NDU-nun rektoru, millət vəkili İsa Həbibbəyli də çıxış ediblər.
Çanaqqala dastanının qadın qəhrəmanları
Atatürk və Çanaqqala Müharibəsini Araşdırma Mərkəzinin rəhbəri prof. dr. Mete Tuncoku Çanaqqala müharibəsində türk qadınların da kişilərlə bərabər döyüşdüyünü bildirib. Mete Tuncokunun sözlərinə görə, bu barədə məlumatlara Avstraliya və Yeni Zellandiya arxivlərində araşdırma apardığı zaman rast gəlib: “Avstraliya ordusunun zabiti  J. C Davies ailəsinə göndərdiyi məktubda yazır ki, mənim də vurulduğum 18 may tarixində (1915-ci il) bir türk qızı pusquda duraraq durmadan atəş edirdi və çoxlu sayda adamımızı vurdu. Ancaq axşama yaxın onu vura bildik. Təxminən 19-21 yaşlarında gənc bir qız idi. Gənc qızın bədənində 52 güllə yarası vardı”. Bu məzmunda məktubların Avstraliya və Yeni Zellandiya arxivlərində çox olduğunu deyən Mete Tuncoku bildirib ki, bu məsələ ciddi şəkildə araşdırılmalıdır.
RAMİL KAZIMOV


DOSTLARINLA PAYLAŞ:

oyunlar